Beynəlxalq geosiyasi transformasiyalar və Azərbaycanın praqmatik xarici siyasəti Siyasət

Beynəlxalq geosiyasi transformasiyalar və Azərbaycanın praqmatik xarici siyasəti

Müasir beynəlxalq münasibətlər sistemi sürətli və çoxşaxəli geosiyasi transformasiyalar dövrünü yaşayır. Beynəlxalq güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, beynəlxalq hüququn təsir imkanlarının nisbi zəifləməsi, enerji və nəqliyyat dəhlizləri uğrunda strateji mübarizənin dərinləşməsi və regional münaqişə ocaqlarının beynəlxalq sistemə birbaşa təsiri dünya siyasətinin mahiyyətini dəyişdirən əsas amillər kimi çıxış edir. Xüsusilə ABŞ-Çin rəqabətinin dərinləşməsi, Rusiya-Qərb qarşıdurmasının davam etməsi, Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliklər və İran-İsrail xəttində yeni eskalasiya riskinin artması beynəlxalq sistemdə qeyri-müəyyənliyi daha da gücləndirir. Bu şəraitdə dövlətlər üçün çevik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət daha strateji əhəmiyyət daşıyır.
Belə mürəkkəb geosiyasi mühitdə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət kursu nəticəsində beynəlxalq arenada etibarlı və nüfuzlu aktor kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın xarici siyasət xətti emosional və kortəbii yanaşmalardan uzaq olmaqla, uzunmüddətli strateji hesablamalara, milli maraqların qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına əsaslanır. Bu siyasət ölkəyə həm regional, həm də qlobal müstəvidə müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmaq imkanı verir.
Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində ölkənin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər xüsusi əhəmiyyət daşıyır. Son illərdə Bakı şəhəri beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilərək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Qoşulmama Hərəkatının Zirvə görüşü Azərbaycanın beynəlxalq siyasətdə müstəqil və prinsipial mövqeyinin nümayişi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Eyni zamanda BMT sisteminə bağlı forumlar, iqtisadi əməkdaşlıq platformaları və humanitar tədbirlər ölkənin qlobal müzakirələrdə aktiv iştirakını gücləndirib.
Azərbaycanın xarici siyasətində strateji layihələr xüsusi yer tutur. Orta Dəhlizin inkişafı ölkəni Avrasiya məkanında mühüm logistika və tranzit mərkəzinə çevirərək Şərq ilə Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verir. Eyni zamanda Avropa İttifaqı ilə yaşıl enerji sahəsində əməkdaşlıq Azərbaycanın enerji ixrac strukturunda yeni mərhələnin əsasını qoyur və ölkənin bərpa olunan enerji potensialını qlobal bazara inteqrasiya edir. Regional səviyyədə Zəngəzur dəhlizi ilə bağlı perspektivlər isə Cənubi Qafqazda yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində artan rolu türk dünyasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Bu siyasət regionda sabitliyin qorunmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və yeni geosiyasi reallıqlara uyğun çevik diplomatik davranış modelinin formalaşmasına xidmət edir. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq siyasəti ölkənin milli maraqlarını qorumaqla yanaşı, onun beynəlxalq nüfuzunu da davamlı şəkildə artırır.
Azərbaycanın xarici siyasəti 2030 və 2050-ci illərə yönəlmiş uzunmüddətli inkişaf prioritetləri ilə sıx şəkildə əlaqəlidir. Qlobal qütbləşmənin dərinləşdiyi bir şəraitdə ölkənin balanslaşdırılmış siyasəti yeni risklərə uyğunlaşmaq və eyni zamanda yeni imkanlardan faydalanmaq üçün əlverişli zəmin yaradır. Qeyri-neft iqtisadiyyatının inkişafı, investisiya mühitinin genişləndirilməsi və texnoloji modernləşmə prosesləri xarici siyasətin dəstəklədiyi əsas istiqamətlər sırasındadır.
Beynəlxalq geosiyasi transformasiyalar əsasında Azərbaycanın praqmatik xarici siyasəti ölkənin regional liderliyini gücləndirən, beynəlxalq nüfuzunu artıran və uzunmüddətli inkişafını təmin edən əsas strateji amillərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın dəyişən dünya düzənində çevik, dayanıqlı və təsirli aktor kimi mövqeyini daha da möhkəmləndirir və ölkənin gələcək inkişafı üçün sabit beynəlxalq mühit formalaşdırır.

Əli Səlimov, iqtisadçı