17:10
840
“Cənubi Qafqazda sülh prosesində müəyyən irəliləyişlər müşahidə olunur və Azərbaycan uzun müddətdir bu istiqamətdə ardıcıl addımlar atır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, lakin prosesin uğurlu nəticələnməsi üçün Ermənistan da öz üzərinə düşən məsuliyyəti dərk etməli və sülh gündəliyinə töhfə verməlidir: “Azərbaycan müharibə cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq və regional gündəmdə saxlanılması istiqamətində mühüm addımlar atır. Bu məsələlərin daim gündəmdə saxlanılması Azərbaycanın danışıqlar masasında mövqeyini daha da gücləndirir və haqlı mövqeyimizi bir daha ortaya qoyur. Söhbət ciddi və böyük miqyaslı cinayətlərdən gedir”.
Ceyhun Məmmədov qeyd edib ki, Ermənistan tərəfindən müxtəlif dövrlərdə törədilmiş cinayətlərin unudulmaması vacibdir:
“Azərbaycan xalqına qarşı çoxsaylı qətliamlar və soyqırımı aktları həyata keçirilib. Təəssüf ki, onların bir qismi hələ də lazımi səviyyədə tanınmayıb. Bu baxımdan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar olduqca mühüm əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, bu istiqamətdə aparılan fəaliyyət Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasına və sülh prosesində mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Günel Elxan