11:08
1 029
Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Son sorğuların nəticələrinə əsasən Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü xalqcebhesi.az-a açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə öz xalqının maraqlarını, eləcə də dövlət maraqlarını hər şeydən üstün tutaraq çalışıb: “Prezident İlham Əliyev istər ölkənin inkişafı baxımından, istər Azərbaycanın ən böyük problemlərindən olan işğal olunmuş torpaqlarımızın azad olunması baxımından bir lider, dövlət başçısı kimi üzərinə düşən missiyanı şərəflə yerinə yetirib və yetirməkdə davam edir”.
M.Göyüşlünün sözlərinə görə, İlham Əliyevin fəaliyyəti artıq Azərbaycanın sərhədlərini aşıb, regional və dünya miqyaslı xarakter almağa başlayıb: “Ümummilli lider Heydər Əliyevin siyasi irsini layiqli şəkildə davam etdirən İlham Əliyev uzaqgörən siyasətlə tarixi nailiyyətlər əldə edib. Dövlət başçısı xalqından güc alaraq gərgən bir dövrdə Azərbaycanı uğurlu şəkildə geosiyasi təhdidlərdən sığortalaya bilib. Prezident ölkəmizin dünyada layiqli yer tutmasını yüksək səviyyədə təmin edir. Ona görə də İlham Əliyevə Azərbaycan xalqı tərəfindən belə bir etimadın göstərilməsi təbiidir. Bundan sonra da İlham Əliyevə dəstəyin, xalq tərəfindən etimadın bu şəkildə də davam edəcəyi bəllidir”.
Röya İsrafilova