“Azərbaycan Aİ üçün rəqəmsal strateji tərəfdaşa çevrilir” Siyasət

“Azərbaycan Aİ üçün rəqəmsal strateji tərəfdaşa çevrilir”

“2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, birgə bəyanatda qeyd olunub: “Prezidentlər rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyətini etiraf ediblər, innovasiyanı, iqtisadi dayanıqlılığı və inkişafı gücləndirmək, həmçinin davamlı və artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək məqsədilə bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.”

Rizvan Nəbiyevin sözlərinə görə, Prezidentlər Azərbaycan və Avropa İttifaqı arasında rəqəmsal transformasiya, innovasiya və inkişaf etməkdə olan texnologiyalar sahəsində əməkdaşlığı strateji tərəfdaşlığın yeni istiqamətlərindən biri kimi qiymətləndirirlər: Tərəflər süni intellekt və digər qabaqcıl texnologiyaların iqtisadi inkişaf, innovasiya, məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılmasında artan rolunu vurğulayaraq, dayanıqlı və inkişafyönümlü rəqəmsal ekosistemin formalaşdırılması məqsədilə bu sahədə əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.
Bəyanatda Azərbaycanın Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafında oynadığı strateji rol xüsusi qeyd olunur. Avropa İttifaqı “Qlobal Qapı” (Global Gateway) təşəbbüsü çərçivəsində nəqliyyat, logistika və rəqəmsal əlaqələrin inkişafına yönəlmiş layihələrə dəstəyini bir daha təsdiqləyib və bu məqsədlə Azərbaycan–Aİ İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıb.
Ümumilikdə birgə mətbuat bəyanatı göstərir ki, Azərbaycan–Aİ əməkdaşlığı artıq yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. Rəqəmsal transformasiya, süni intellekt, innovasiya, rəqəmsal bağlantılar və yeni texnologiyalar tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsas sütunlarından biri kimi müəyyən edilir. Bu yanaşma Azərbaycanın Avropa, Qara dəniz hövzəsi və Mərkəzi Asiya arasında regional rəqəmsal bağlantı və innovasiya mərkəzi kimi rolunun daha da gücləndirilməsinə xidmət edir”.

Rizvan Nəbiyev bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen cari il iyul ayının 1-də Bakıda keçirilən mətbuat konfransında bu fikirləri davam etdirərək bəyan edib ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın yeni mərhələsini formalaşdırmaq məqsədilə Avropa İttifaqı–Azərbaycan Bağlantı Tərəfdaşlığının (EU–Azerbaijan Connectivity Partnership) yaradılmasını təklif edir: “Bu tərəfdaşlıq nəqliyyat, enerji və rəqəmsal bağlantıları vahid platformada birləşdirərək Azərbaycanın Avropa, Xəzər hövzəsi və Mərkəzi Asiya arasında strateji əlaqələndirici mərkəz kimi rolunu daha da gücləndirməyi hədəfləyir. Bu məqsədlə Avropa İttifaqı “Global Gateway” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal keçid layihələrinə 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə dövlət və özəl investisiyalar hesabına 2 milyard avroya qədər ümumi investisiyanın cəlb edilməsinə imkan yaradacağını açıqlayıb.Avropa İttifaqı Azərbaycanı artıq təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də Avropa–Qafqaz–Mərkəzi Asiya arasında rəqəmsal bağlantılar, texnologiyalar, data axınları və gələcəyin rəqəmsal iqtisadiyyatı üçün strateji regional mərkəz kimi görür və bu istiqamətdə uzunmüddətli investisiya və institusional əməkdaşlığı genişləndirmək niyyətindədir”.

Günel Elxan