“Bu, türk birliyi şüurunu daha da möhkəmləndirir” Siyasət

“Bu, türk birliyi şüurunu daha da möhkəmləndirir”

“Türk dünyasının strateji inteqrasiyasının formalaşmasına təsir edən əsas siyasi, iqtisadi, geosiyasi və mədəni amillər bir neçə istiqamət üzrə ölçülür: Siyasi amillərin əsasını türk dövlətlərinin qlobal güclər qarşısında milli müstəqilliklərini və siyasi suverenliklərini qorumaq üçün regional ittifaq yaratmaq istəyi təşkil edir. Beynəlxalq platformalarda regional və qlobal məsələlərlə bağlı vahid mövqedən çıxış etmək, bir-birinin ərazi bütövlüyünü dəstəkləmək və Türk Dövlətləri Təşkilatının təsisatlarının fəaliyyətini genişləndirmək bu inteqrasiyanın siyasi sütunlarıdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Ə.Əlibəyli qeyd edib ki, iqtisadi amillər sırasında Çindən Avropaya uzanan Orta Dəhlizin inkişafı və türk dövlətlərinin bu qlobal logistik zəncirdə mərkəzi qovşağa çevrilməsi xüsusi rol oynayır: “Eyni zamanda, Mərkəzi Asiya və Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya nəqli, üzv ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi və Türk İnvestisiya Fondunun maliyyə dəstəyi iqtisadi asılılığı və əməkdaşlığı gücləndirir. Geosiyasi amillər baxımından Rusiya, Çin və Qərb kimi qlobal güc mərkəzlərinin regiondakı təsirlərinə qarşı türk dövlətlərinin birləşərək müstəqil bir güc qütbünə çevrilmək ehtiyacı mövcuddur”.

Siyasi şərhçi əlavə edib ki, regional münaqişələr, terrorizm və qeyri-qanuni miqrasiyaya qarşı müdafiə və kəşfiyyat sahələrində hərbi-strateji əməkdaşlığın artması, həmçinin Xəzər dənizinin statusu ətrafında koordinasiya geosiyasi inteqrasiyanı stimullaşdırır: “Mədəni amillər isə inteqrasiyanın mənəvi əsasını təşkil edən eyni etnik mənşə, dil qrupu, din və ortaq tarixi köklərə dayanır. TÜRKSOY və Türk Akademiyası vasitəsilə həyata keçirilən ortaq əlifba layihələri, dərsliklərin unifikasiyası, tələbə mübadiləsi proqramları və media platformalarının inteqrasiyası xalqlar arasında türk birliyi şüurunu daha da möhkəmləndirir”.

Röya İsrafilova