
“Müasir dövrdə beynəlxalq arenada həm diqqətçəkən, həm də kifayət qədər mürəkkəb geosiyasi proseslər baş verir. Bu proseslərin mərkəzində əvvəlki dünya nizamının tədricən təsirini itirməsi və yeni beynəlxalq münasibətlər sisteminin formalaşması dayanır. Belə bir şəraitdə milli dövlətlərlə yanaşı, onların təmsil olunduqları regional birlik və təşkilatlar da qlobal proseslərdə daha fəal iştirak etməyə çalışırlar. Bu baxımdan Türk Dövlətləri Təşkilatı regional əməkdaşlığın hüdudlarını aşaraq beynəlxalq münasibətlər sistemində təsir imkanlarını genişləndirən mühüm platformalardan birinə çevrilir.”
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.
N.Azəri qeyd edib ki, cari il həm Şuşa Bəyannaməsinin imzalanmasının, həm də Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin beşinci ildönümü ilə əlamətdardır: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının bugünkü inkişaf dinamikasını müəyyənləşdirən əsas amillər sırasında yer alır. Məhz həmin hadisələrdən sonra türk dövlətləri arasında müxtəlif istiqamətlər üzrə inteqrasiya prosesi daha sistemli və məzmunlu xarakter almağa başlayıb”.
Siyasi şərhçi bildirib ki, türk dünyasının strateji inteqrasiyası ortaq tarix, dil, mədəni irs və qarşılıqlı siyasi iradəyə söykənən uzunmüddətli əməkdaşlıq modelidir: “Bu prosesin dərinləşməsində Türk Dövlətləri Təşkilatının institusional inkişafı, qəbul olunan birgə qərarlar və "Türk Dünyası – 2040 Vizyonu" kimi strateji sənədlər xüsusi əhəmiyyət daşıyır. İqtisadi müstəvidə Orta Dəhlizin inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, enerji və logistika sahələrində həyata keçirilən ortaq layihələr üzv dövlətlər arasında iqtisadi bağlılığı və əməkdaşlığı daha da möhkəmləndirir”.
O həmçinin deyib ki, geosiyasi baxımdan isə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, qlobal təchizat zəncirlərinin yenidən qurulması və regional təhlükəsizlik məsələləri türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsini zəruri edir: “Şuşa Bəyannaməsi də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək ümumtürk əməkdaşlığının inkişafına mühüm stimul verib”.
N.Azəri vurğulayıb ki, mədəni-humanitar istiqamətdə həyata keçirilən ortaq əlifba təşəbbüsü, təhsil proqramları, elm, media və gənclər sahəsində reallaşdırılan layihələr ortaq milli-mədəni kimliyin möhkəmlənməsinə xidmət edir: “Siyasi, iqtisadi, geosiyasi və humanitar istiqamətlərdə həyata keçirilən bu əməkdaşlıq türk dünyasının strateji inteqrasiyasını daha da gücləndirir, regionda sabitliyin və rifahın möhkəmlənməsinə, eyni zamanda, beynəlxalq nüfuzun artmasına mühüm töhfə verir”.
Röya İsrafilova