“Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır” Siyasət

“Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”

"Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapıb. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında "Cənub Qaz Dəhlizi" layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq "Şahdəniz-2" layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaq. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərib. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır".
Bunu Azərbaycan prezidenti İlham ƏliyevSerbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuata bəyanatında deyib.
"Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilib. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcək", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri geniş yer alıb: "Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var".
İlham Əliyev qeyd edib ki, Serbiya ilə əlaqələr Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir: "Əminəm ki, gələcəkdə bu əlaqələrin uğurlu inkişafı üçün bütün imkanlar, şərait var. Əsas odur ki, çox güclü qarşılıqlı müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq, Serbiya-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyik".
Azərbaycan prezidenti bildirib ki, bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı da olub: "Biz strateji tərəfdaşıq. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapıb. Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik".


"əməkdaşlığı inkişaf etdirmək əzmindəyik"


Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Azərbaycanla dostluq münasibətlərinin inkişafı ölkəsi üçün çox vacibdir: "Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik". Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaq. Cənab Prezident, biz Sizin siyasətinizi çox yüksək qiymətləndiririk. Siz elə bir şəxsiyyətsiniz ki, ölkənizin müstəqilliyini qoruyursunuz, öz azadlığınızı qoruyursunuz və vətəndaşların firavanlığı naminə əlinizdən gələni edirsiniz. Çünki Sizin ölkəniz olduqca mürəkkəb regionda, müxtəlif regionların kəsişməsində yerləşir və Siz ölkənizi nümunəvi şəkildə qoruyub saxlaya bilmisiniz. Eyni zamanda iqtisadi maraqlarınız da təmin edilir", - deyə o vurğulayıb.
Vuçiç qeyd edib ki, münasibətlərimizin təkmilləşdirilməsində böyük potensial var: "Bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq. Sonuncu iclas 2015-ci ildə olub. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var. Düşünürəm ki, bunlar da çox vacib sahələrdir. Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi tam şəkildə dəstəkləyirik. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi burada, media qarşısında Serbiyaya rəsmi səfərə dəvət edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin, həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan bizə dost ölkədir və tezliklə Sizi Belqradda görmək ümidindəyik. Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir. Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır. Cənab Prezident, səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm".