Xalq dini radikalizm və terrora yox deyir Siyasət

Xalq dini radikalizm və terrora yox deyir

İyunun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslərin qeyri-qanuni aksiya keçirməsinin qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabitinin şəhid olması bütün Azərbaycan xalqı tərəfindən pislənilib və lənətlənib. Xalq bunu Azərbaycanda dini radikalizm və terror hadisəsi kimi dəyərləndirib və bunun qarşısının alınmasında həmrəylik nümayiş etdirməyin vacibliyini qeyd ediblər.
Siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Gəncə şəhərində baş verən hadisələr iyulun 3-də şəhərin icra başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdin əsas mahiyyətini üzə çıxarır.
O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq ölkəyə radikal dini cərəyanların təxribat xarakterləri hücumları olub: "Azərbaycanın mürəkkəb geosiyasi proseslərin mərkəzində yerləşdiyi hər kəsə məlumdur. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Qərblə Şərq arasında iqtisadi, siyasi, mədəni körpü rolu oynamaq imkanı verdiyi kimi, zaman-zaman ölkəmizi də müxtəlif çağırışlarla qarşı-qarşıya qoyur. Biz hələ 100 il öncə dünyəvi, demokratik inkişaf modelini seçmişik. Çağdaş Azərbaycan Respublikasının dini və milli tolerantlığın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi İslamın müqəddəs dəyərlərini qondarma dini-siyasi ideologiya predmetinə çevirən, feodal qanunları ilə idarə olunan bəzi dövlətləri, onların himayəsində olan radikal ekstremist dini qrupları qane etmir. Onlar Azərbaycanın dünyəvi, bəşəri, demokratik, irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların birlik və bərabərlik içərisində yaşadığı konstitusion dövlət quruluşunu, dövlət idarəçiliyi modelini özlərinə təhlükə görürlər. Müstəqilliyimizin bərpasından sonra davamlı olaraq ölkəmizə radikal dini cərəyanların ixrac edilməsi cəhdləri də məhz buradan qaynaqlanır. Bu işıqla qaranlığın əbədi mübarizəsini xatırladır. Azərbaycanın dünyəvi və modern dövlət quruluşu radikalizmin, terrorizmin dövlət ideologiyasına çevrildiyi, din pərdəsi altında insanların azad yaşamaq haqlarının əlindən alındığı, feodal qaranlıqlarının hökm sürdüyü, insan həyatının və hüquqlarının dəyərə çevrilmədiyi dövlətlərin vətəndaşları üçün işığın, inkişafın, azadlığın ünvanıdır".
Elçin Mirzəbəyli onu da əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir dövrlərdə bu cür təxribatların artması təsadüf ola bilməz: "Azərbaycana düşmənçilik bəsləyən qüvvələri qəzəbləndirən bir çox amillər var ki, onlardan biri də demokratik inkişaf yoludur. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin uğur qazanması, Azərbaycanın öz coğrafi sərhədlərini dəfələrlə aşaraq nəinki regional, subregional və hətta qlobal oyunçuya çevrilməsi radikal qüvvələri hiddətləndiri. Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu isə din pərdəsi altında öz bəsit, məkrli düşüncələrini gizlətməyə çalışan, modern dünyadan yüz illərlə geridə qalan dini-siyasi dairələri, Azərbaycanın ənənəvi düşmənlərini, neoimperialist dairələri qane etmir. Ölkəmizə xaricdən ixrac edilən radikal dini cərəyanları yaymağa çalışan dairələrin məhz bu il müsəlman Şərqinin ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bir zaman kəsiyində fəallaşmaları da təsadüfi deyil. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Azərbaycan dünyaya çox önəmli mesajlar verib, dövlət və ordu quruculuğu sahəsində əldə etdiyi uğurları nümayiş etdirib. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı paytaxtımızda möhtəşəm hərbi parad keçirilib və bu paradda Silahlı Qüvvələrimizin arsenalına daxil olan ən müasir hərbi texnika nümayiş etdirilib. Paraddan dərhal sonra isə Azərbaycan Müdafiə Nazirliyinin 20 min nəfərlik şəxsi heyətinin iştirakı ilə genişmiqyaslı təlimlər baş tutub və bu təlimlər zamanı ordumuzun döyüş qabiliyyəti və ruhu ortaya qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasından dərhal sonra Bakıda Cənub Qaz Dəhlizinin, Türkiyədə isə bu dəhlizin bir hissəsi olan TANAP layihəsinin rəsmi açılışları olub. Bütün bunlar isə şübhəsiz ki, öz xalqlarını feodal qaranlıqlarında, zülmətdə saxlayan, yanlış siyasətlərinin girovuna çevrilmiş dövlətlərin dini və siyasi dairələrini, eləcə də Azərbaycanın düşmənlərini qane edə bilməzdi. Bu səbəbdən də ölkəmizə Cümhuriyyət ideyalarının təşəkkül tapdığı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında zərbə vurmağa cəhd göstərdilər. Lakin müdrik və öz dövlətini canı qədər sevən Azərbaycan xalqı nəinki təxribat qruplarının çağırışlarına uymadı, həm də bu kampaniyaya öz birliyi, həmrəyliyi ilə qətiyyətlə cavab verdi, demokratik, dünyəvi dövlət quruluşumuzun keşiyində dayandı, azərbaycançılıq ideallarına sədaqətini, Prezidentinə yüksək etimadını nümayiş etdirdi. Qəhrəman polislərimiz öz canları bahasına konstitusion dövlət quruluşumuzu qorudular. Xalq-dövlət, dövlət-xalq birliyi növbəti dəfə məkrli düşmənlərin planlarını puça çıxardı.
Biz Şərqdə ilk dünyəvi, demokratik respublika quran, qadına dünyanın inkişaf etmiş ölkələrindən xeyli öncə səsvermə hüququ verən, dünyaya mədəniyyət daşıyan bir xalqın övladlarıyıq. Yüz il öncə qoca Şərqin qaranlıqlarında parlayan istiqlal Günəşimizin önünə kimsə qara pərdə çəkmək iqtidarında deyil. Heç bir güc Azərbaycan xalqının işıqlı zəkasını xurafatın, cəhalətin, puç və mənasız ideyaların qaranlıqlarında boğa bilməz. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini, konstitusion dövlət quruluşunu, xalqımızın əsrlərin sınağından keçərək cilalanmış yüksək mədəniyyətini, Vətənimizin işıqlı sabahını heç vaxt zülmətə, qaranlığa tabe etdirməyəcək"
"Gəncə şəhərində baş veren hadisələr diqqətə alınmalıdır. Düşmənlərmiz bu olayları Azərbaycanın əleyhine istifade etməyə çalışacaqlar. Gəncəlilər hər zaman dövlətimizin yanında olub, bu cür hadisələrin Azərbaycanı xaosa sürükləməsinə və qarşıdurma yaratmasına imkan verilməməlidir".
Bu sözləri isə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Gəncədə baş verən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, baş verən hadisəyə hüquq çərçivəsində baxılmalı, cinayətkarlar mühakimə olunub cəzalındırılmalıdır:
"Ədalətin və hüququn üstünlüyü təmin edilməlidir. Hər birimiz ölkəmizin sabitliyi üçün diqqətli olmalıyıq. Dedi-qodu səviyyəsində gəzən söhbətlər bir çox hallardan təxribat yaratmaq məqsədi daşıyır. Biz bu hadisələrin dövlətimizə və xalqımıza zərər yetirməsinə icazə verməməliyik".
Əməkdar artist Aybəniz Haşımova da Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən aksiyaya biganə qala bilməyib.
Müğənni instaqram hesabında "Dədə Qorqud" filmindən təsirli kadrları paylaşaraq hadisəyə münasibətini belə ifadə edib:
"Gəncədə baş verən hadisə ilə bağlı xəbərləri oxuyanda az qaldı ki, ürəyim dayansın. "Dədə Qorqud" filmi yayımlananda uşaq idim və həmişə bu hissəsinə baxanda hönkür-hönkür ağlayardım... Əgər əvvəllər bu filmə baxıb ağlayır və üzülərdimsə, dünən Gəncəmə, millətimə baxıb ağlamışam. Axı qardaş qardaşı öldürməz!"
Milli Məclisin deputatı Fazil Mustafa Gəncə şəhərində baş verən hadisələrdən danışarkən deyib ki, aylardır söylədiklərimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi. Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar.
O, Gəncədə xarici qüvvələrin idarə etdiyi xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə Allahdan rəhmət diləyib və qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik:
"Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan? Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu senarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik".
Müğənni Nura Suri də Gəncədə baş verən hadisələrdən danışıb: "Ay camaat, ayılın. Bu, dövlətimizə qarşı təxribatdır".
O, Azərbaycan xalqına çağırış edib: "Liviya, Suriya kimi ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Biz azərbaycanlılar bir- birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda birləşməliyik. Təxribata uymayın. Düşmənləri sevindirməyin. Sovet dövründə yağı, əti talonla aldığınız vaxtları unutmayın, suyu saatlarla verirdilər, çörək almaq üçün millət səhər saat 6:00-dan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız vətən uğrunda həlak olub, onların ruhuna hörmət qoyun".
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də Gəncə şəhərində baş verən hadisələri qətiyyətlə pisləyib.
Partiya sədri bunu təxribat kimi qiymətləndirib: "Təxribatçılar inanc olanların sıralarına daxil olub Müqəddəs İslam dinindən istifadə edib öz çirkin əməllərini həyata keçiriblər. Bununla da ölkəni xaosa sürükləmək istəyirlər.
ALDP olaraq inanclı qardaş və bacılara müraciət edirik ki, bu kimi təxribatlara qetməsinlər. İmkan verməyin ki, bir qrup radikal Müqəddəs İslam dinini ləkələsin. Biz onların qarşısını alıb ifşa etməliyik.
ALDP olaraq Azərbaycan vətəndaşlarına müraciət edirik ki, biz Azərbaycan qanunları çərçivəsində demokratiyanın bərqərar olunmasının tərəfindəyik. Demokratik cəmiyyətin qurulması xaos, qarşıdurma, qan tökülməsi ilə yox, Qanunun aliliyilə olur".
Cavid