AP-nin ermənipərəst üzvü Albaniyada “qara siyahı“ya salınıb Siyasət

AP-nin ermənipərəst üzvü Albaniyada “qara siyahı“ya salınıb

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etdiyinə görə, XİN-in "qara siyahısı"na salınan və haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqalla gündəmdədir.
Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.
Eleni Teoxarusun beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Onun Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı, Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilib. Nəticədə belə bir qərar qəbul edilib.
Əslində Albaniyanın qərarı heç də təəccüb doğurmur. Çünki bu şəxs ekstremist çıxışları ilə suveren bir dövlətin təhlükəsizliyinə, asayişinə təhlükə törədir. Bu isə Albaniyanın qərarında nə qədər haqlı olduğunu göstərir. Azərbaycan və Ukraynadan sonra Albaniyanın Teoxarusu "qara siyahı"ya salması belə qərarların heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etməyə imkan verir. Çünki sifarişlə işləmək bu insan xislətidir. Əgər sifarişləri yerinə yetirməyə davam etsə, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü "statusu"nu da qazana bilər.
Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən, brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Çünki Eleni Teoxarus Karampetyanla dərin əlaqələrə malikdir. Onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da elə Karampetyandır.
Daha bir məqamı diqqətinizə çatdıraq. Bir müddət öncə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrildiyindən bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb. Elə bu səbəbdən Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.
Nəhayət, Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar, Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.
Həmin deputatın Azərbaycanda da arzuolunmaz şəxs olduğunu nəzərə alan AZƏRTAC Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayevanın məsələyə münasibətini öyrənib.
Leyla Abdullayeva deyib: "Bildiyiniz kimi, Avropa Parlamentinin Kiprdən olan üzvü E.Teoxarus ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edərək Azərbaycan qanunvericiliyini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu üçün ölkəmizə girişi arzuolunmayan şəxslər siyahısına daxil edilib və Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ona qarşı iş açılıb. Qeyd olunan deputatın Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti, erməni lobbisinin sifarişi ilə ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi təşviq edən fəaliyyəti dəfələrlə tərəfimizdən ifşa edilib. Bu baxımdan onun adının növbəti belə bir halda hallanması təəccüb doğurmur. Ekstremist və qatı millətçi baxışlara sahib olan bu siyasətçinin Albaniya Respublikasının ərazi bütövlüyünə qarşı bəyanatları və bu ölkədə konstitusiya qaydasını pozmağa yönəlmiş cəhdləri Albaniya tərəfinin tamamilə haqlı qərarı ilə nəticələnib və Avropa Parlamentinin sözügedən üzvü növbəti bir ölkədə arzuolunmaz şəxs elan edilib. Hesab edirik ki, bu deputatın fəaliyyəti Avropa Parlamentinin etik məsələlərə məsul komitələri tərəfindən araşdırılmalıdır".