“Həmsədrlər münaqişənin həlli ilə bağlı lazımi səviyyədə işləmirlər” Siyasət

“Həmsədrlər münaqişənin həlli ilə bağlı lazımi səviyyədə işləmirlər”

Qabil Hüseynli: “İkili yanaşma nümayiş etdirilir”

“Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi səviyyədə işləmirlər. Onlar da çox zaman bəhanə kimi göstərirlər ki, tərəflərdən təşəbbüs gəlməlidir. Yəni ATƏT-in Minsk qrupu münaqişənin həllində ikili yanaşma nümayiş etdirir”. Bunu politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, əslində, Minsk qrupuna daxil olan dövlətlər fəal olmalı və bu prosesi sürətləndirməli və günahkar tərəfə müəyyən sanksiyalar tətbiq etməli, təzyiqlər göstərməlidir: “Bu işi üç nəfərə tapşırıblar və bu üç nəfər də turist kimi gəlib-gedir. Belə olan halda da, onların dedikləri sözləri də heç kəs eşitmək istəmir.
Ermənistan danışıqlara getmir və getməkdə istəmir. Beləcə, işğalçı ölkə danışıqlarda konstruktivlik belə nümayiş etdirmir. Bütün bunlar ikili standartdır və ikili standartın da dərin kökləri var. Orada olan nümayişlər də onu göstərir ki, Ermənistan hakimiyyət dəyişikliyi ərəfəsindədir. Zənnimcə, bütün bu hadisələr Ermənistanın əl-qolunu bağlayan məsələlərdəndir. Gec-tez Ermənistanda ağır sosial partlayış olacaq. Hazırda Ermənistanda vəziyyət çox ağırdır".