“Paşinyan da özündən əvvəlki rejim başçılarından heç nəyi ilə fərqlənmir” Siyasət

“Paşinyan da özündən əvvəlki rejim başçılarından heç nəyi ilə fərqlənmir”

Oktyabrın 30-31-də Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest PA-nın Büro iclası keçirilib. İclasda ölkəmizi Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarova təmsil edib. Millət vəkili iclasda müzakirə olunan məsələlərlə bağlı çıxış edib, həmçinin Azərbaycanda demokratik təsisatların inkişafı, ölkəmizin insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına töfhələri barədə məlumat verib.
Qeyd edək ki, iclasda Ermənistan təmsilçisi də çıxış edib. O, işğalçı ölkədə demokratik azadlıqların, insan hüquqlarının qorunması sahəsində vəziyyət, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətdən uzaq fikirlər bildirib. Ondan dərhal sonra söz alan Sahibə Qafarova Ermənistan təmsilçisinin həqiqətdən uzaq fikirlərinə cavab verib. "Erməni siyasətçi burada həqiqətdən uzaq məlumatlar verdi, mən isə sizə əsl həqiqətləri ifadə edəcəyəm", - deyən S.Qafarova bildirib ki, Ermənistan işğalçı dövlətdir və bu gün də işğalçılıq siyasətindən əl çəkmək istəmir.
"Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib. BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamələr qəbul edib. Həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Elə bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının VXIII Zirvə görüşünün yekununda qəbul olunan sənədlərdə də 120 dövlət Ermənistanı işğalçı ölkə kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Ermənistan isə bütün beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir. Bu mənada Nikol Paşinyan da özündən əvvəlki rejim başçılarından heç nəyi ilə fərqlənmir",- deyə Sahibə Qafarova qeyd edib.