Gürcüstan parlamentinin üzvü: “Xarici siyasətimiz dəyişməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” Siyasət

Gürcüstan parlamentinin üzvü: “Xarici siyasətimiz dəyişməyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

“Azərbaycanın bu təcavüzə hərbi əməliyyatla cavab verməsi çox təbiidir. Normal qarşılayırıq və düzgün addım hesab edirik, sonsuza qədər bu işğal davam edə bilməz”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Mahir Dərziyev deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən beynəlxalq ictimaiyyət dərs çıxarmalıdır: “Tərəfləri sülhə, danışığa çağırmaq asan bir işdir, hərəkətə keçmək lazımdır. Mənim ölkəm də, Gürcüstan hökuməti də daha fəal mövqe tutmalıdır. Gürcüstanın bu münaqişəyə təsir imkanları azdır. Amma heç olmasa danışıqların bir mərkəzi ola bilər, danışıqlarda hər hansısa bir vasitəçi ola bilər. Gürcüstan da öz səylərini fəallaşdırmalıdır. ATƏT-in Minsk Qrupu və başqa formatlar faktiki olaraq işləmir. Hamımız bunu bilirik və başa düşürük. Hamımız gözəl anlayırıq ki, bu işğal sonsuza qədər davam edə bilməz və Azərbaycanın müharibə aparmaq, hərbi əməliyyatlar yolu ilə öz torpaqlarını azad etmək hüququ var. Bu bir suveren dövlət kimi Azərbaycanın hüququdur”.

M. Dərziyev həmçinin bildirib ki, rəsmi Tbilisinin münaqişə tərəfləri arasında neytrallığı qorumasının bir neçə səbəbi var: "Bunlardan başlıcası hər iki dövlət Gürcüstanın qonşusudur və bu ölkədə həm çoxsaylı azərbaycanlı, həm də erməni icmasının nümayəndələri yaşayır. Gürcüstan hökuməti hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə danışıqlar masası arxasında həllinin tərəfdarıdır və hər fürsətdə də bu barədə çağırışlar edir. Xarici İşlər naziri, ölkənin Prezidenti məsələ ilə bağlı müraciət etdi. Gürcüstanın bu mövqeyi təbii və başadüşüləndir. Hərbi qarşıdurma Gürcüstana, eləcə də regiona heç nə vəd etmir. Burada geniş miqyaslı hərbi əməliyyatlar, müharibənin başlanması region üçün fəlakət olardı. Bunu hamı kimi Gürcüstan da başa düşür. Rəsmi Tbilisi bu məsələdə bir növ neytrallıq qorumağa çalışır. Gürcüstanda çoxsaylı azərbaycanlı icması, eləcə də erməni icması yaşayır. Yəqin ki, bu amil də Gürcüstanın mövqeyini şərtləndirən amillərdəndir. Bundan başqa, hər iki dövlət Gürcüstanın qonşusudur. Bu gün Gürcüstanın özünün bu çətin və ağır vəziyyətində Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunması arzuolunmazdır və dövlət maraqlarına cavab vermir. Amma Gürcüstanda ictimaiyyət Azərbaycan ərazilərinin işğal olunduğunu bilir və ictimai rəy Azərbaycanın xeyrinədir. Gürcü cəmiyyətində Azərbaycanın haqq işi, Azərbaycanın təcavüzə məruz qalması, onun torpaqlarının işğal olunması yüz minlərlə insanın qaçqın düşməsi qəbul olunur. Çünki Gürcüstan özü də eyni problemləri yaşayır, onun da çoxlu qaçqın və köçkünü var”.

Deputat qeyd edib ki, rəsmi Tbilisinin xarici siyasətində heç bir dəyişiklik yoxdur və Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Tbilisinin xarici siyasətində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bu, Gürcüstanın milli maraqlarından, dövlət maraqlarından irəli gələn bir məsələdir. Gürcüstan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, separatçı rejimi tanımır. Mütəmadi olaraq orada hər hansı bir “seçki” keçirilən zaman bizim Xarici İşlər Nazirliyimiz bəyanat yayaraq seçkiləri tanımadığını bildirir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Hər iki ölkə separatizmdən əziyyət çəkir, torpaqları işğal olunub. Yüz minlərlə insan öz vətənində köçkün kimi yaşayır. Gürcüstan Azərbaycanın haqq işini hər zaman müdafiə edir, onun ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır”.

M. Dərziyev vurğulayıb ki, Azərbaycanda baş verən hadisələri Gürcüstanda yaşayan azərbaycanlılar da yaxından izləyir: “Hadisələri çox böyük narahatlıqla izləyirik. Şəhid xəbərlərinə də çox üzülürük. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir, bu birmənalıdır. Borçalılılar Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi və ərazi bütövlüyü uğrunda yüzlərlə şəhid veriblər. Bizim iki milli qəhrəmanımız var. Şəhid polkovnik İlqar Mirzəyev də bizim həmyerlimizdir. Təsadüfi deyil ki, Sınıq Körpüdə, həmçinin Ermənistan səfirliyinin qarşısında aksiya da keçirildi. Bu aksiyalarsız da burada yaşayan azərbaycanlı icmasının hər bir üzvü Azərbaycanla nəfəs alır, məsələləri addım-addım izləyirlər. Milli dövlətimiz bütün dünya azərbaycanlıları kimi Gürcüstanda yaşayan azərbaycanlılar üçün də qürur və iftixar mənbəyidir. Mövqeyimiz birmənalıdır - qaçqınlar evlərinə qayıtmalıdırlar”.