Erməni lobbisinin hüquqa zidd fəaliyyətinə imkan verilməməlidir Siyasət

Erməni lobbisinin hüquqa zidd fəaliyyətinə imkan verilməməlidir

Mətbuat Şurası “La Repubblica” qəzetinə hücumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycan Mətbuat Şurası erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv vəziyyəti, Azərbaycan həqiqətlərini işıqlandıran xarici media nümayəndələrinə qarşı erməni lobbi və diaspor təşkilatlarının təzyiqləri davam etməkdədir. Azərbaycan Mətbuat Şurası indiyədək bununla əlaqədar bəyanatlar verib, beynəlxalq media ictimaiyyətinə ünvanlanmış çağırışlar səsləndirib. Şura narahatlığını İtaliyanın “La Repubblica” qəzeti ilə bağlı da bildirir. Təəssüflə bildiririk ki, Fransanın “TF1” telekanalı, ABŞ-ın “Nyu York Tayms” qəzeti kimi bu kütləvi informasiya vasitəsi də erməni lobbisi nümayəndələrinin hədəfindədir. Qəzetin əməkdaşı Peitro Del Re təhqiramiz hücuma məruz qalmaqdadır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, “La Repubblica” qəzetinin əməkdaşı Peitro Del Reyə qarşı xoşagəlməz, heç bir normalara, əxlaq və davranış qaydalarına sığmayan rəftar bütövlükdə söz və ifadə azadlığı prinsiplərinə görünməmiş həqarətdir. Demokratiyanın beşiyi sayılan Avropada belə bir özbaşınalığın həyata keçirilməsi yalnız Azərbaycan həqiqətlərinə qarşı dözümsüzlük deyil, bütövlükdə azad media dəyərlərinə açıq sayğısızlıqdır.

Ən başlıca məqam isə bu cür hallara qarşı zəruri ictimai qınağın, habelə hüquqi mexanizmlərin işlək olmamasıdır. Mətbuat Şurası dünyanın aparıcı media qurumlarına, insan hüquqları təşkilatlarına, beynəlxalq aləmin ictimai sektorunda yer alan aparıcı jurnalistika birliklərə müraciət edərək onları “La Repubblica” qəzetinin əməkdaşı Peitro Del Reyə təzyiqlərə son qoyulmasına kömək göstərməyə, məsələ ilə bağlı qəti və sərt münasibət bildirməyə çağırır.

Demokratik prinsipləri inkar və təhdid edən erməni lobbi və diaspor təşkilatlarının bu prinsiplərin mühüm göstəricisi sayılan söz azadlığına qarşı demarşı dayandırılmalıdır, onlara “dur” deyilməlidir. Bütövlükdə dünya ictimaiyyətinin bu məsələdə qəti mövqe nümayiş etdirməsi son dərəcə vacibdir. İmkan verilməməlidir ki, erməni lobbisinin hüquqa zidd fəaliyyəti genişlənsin.

Erməni lobbisinin ali prinsip və dəyərlərdən üstün tutulmasına son qoyulmasının vaxtı çatıbdır. Arzu edərdik ki, bu reallığı beynəlxalq aləm də görsün, cəzasızlığın gələcəkdə hansı ağrılı nəticələr doğuracağını indidən, təxirəsalmadan düşünsün. Sonra gec ola bilər”.