
Seyfulla Əzimov: “7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib”
Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri cari məsələlərdən sonra gündəlikdə olan 18 məsələni müzakirə ediblər.
Əvvəlcə Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsini təqdim edib. O, bildirib ki, məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb, onları törətmiş 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib: “Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür”. S.Əzimov bildirib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeyd alınıb. 2019-cu illə müqayisədə sözügedən hüquqazidd əməllərin sayının 14 fakt və ya 7,5 faiz artması əvvəlki illərdə törədilmiş latent xarakter daşıyan cinayətlərin daha çox aşkarlanması ilə əlaqədar olub.
İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.
Deputat Musa Quliyev diqqətə çatdırıb ki, ölkədə asayişin qorunmasına görə Daxili işlər nazirliyinə təşəkkürümüzü bildiririk: “Görülmüş işləri müsbət qiymətləndirirəm. Hesabata səs verəcəyəm”. Deputat insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı ilə bağlı bəzi fikirlər səsləndirib: "Dövlət olaraq strukturlara və yeniliklərə açığıq. İnsan alverinin genişləndirilməsinin qarşının alınması ilə bağlı xeyli işlər görülüb. Hesab edirəm ki, Milli koordinatorun və işçi qrupunun Ombudsmanla iş planını cəmiyyət olaraq görməliyik. İnsan alverinə səbəb olan erkən nikahlar, işsizlik kimi hallardır ki biz bunları araşdırmalıyıq. Boşanmalardan sonra uşaq ananın nəzarətində qalır. Bu zaman aliment problemləri yaranır".
Deputat Siyavuş Novruzov deyib ki, insan alverinə qarşı mübarizə müharibə gedən ölkələrdə ikiqat artır: “Azərbaycanı əhatə edən dövlətlərdə bu məsələylə bağlı problem var. Miqrant axını artıb. Özünü demokratik adlandıran ölkələrin nə etdiyi hamıya məlumdur. Neçə-neçə gəmilər itir, batır. İnsan alveriylə bağlı daxildə məsələ belədir ki, regionlardan insanları aldadılaraq gətirilib gizli əməyə cəlb edirlər”.
O qeyd edib ki, bu qurbanların bəzilərinin sənədlərini alırlar, onları məcburi sürətdə müxtəlif işlərə cəlb edirlər: “Çoxsaylı filmlər çəkilir. Çəkilən filmlər insan alverinin qarşısını almaqdansa, bu işi daha da sürətləndirir. Verilişlər var ki, insanları efirə çıxarırlar, amma çıxışlarla ictimaiyyəti çaşdırırlar. Özəl kanallara müdaxilə etmək olmur, ancaq dövlət televiziyasında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirici verilişlərin yayımlanmasına ehtiyac var”.
Deputat Fazil Mustafa bildirib ki, biz narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik: “Çünki onların müalicəsi ilə bağlı infrastrukturu istədiyimiz səviyyədə qura bilmirik. Əksər hallarda məhkəmələr bu insanların həbsə getməsinə qərar verir və onlar orada daha çox insanı buna yoluxdurur”. Deputat bildirib ki, ümumiyyətlə, istər insan alveri, istər narkomaniya, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir: “Sığınacaqlara biz insan alveri qurbanlarını 2-3 ay yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar. Bu, xüsusilə Azərbaycan cəmiyyətində belədir. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməlidir. Yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Bu istiqamətdə deputatların da təkliflərini dəyərləndirmək lazımdır"
Deputat Sabir Rüstəmxanlı deyib ki, dünya 1000 illər boyu müxtəlif quruluşlardan keçsə də, hələ də quldarlıq psixologiyası davam edir: “İnsan alverinin qarşısını almaq üçün görüləcək birinci iş onun səbəblərini aradan qaldırmaqdır. Burada ən önəmlisi Azərbaycanın daxilində yaşayan insanlardan başqa xaricə gedən azərbaycanlıların taleyidir. Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar. Miqrantlar xaricə gedir, o ölkələrin vətəndaşları olmadan orada yaşayır. Bunlar çox vaxt sənəd almaq, orada mövcud hüquqi imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də ASAN Xidmət səyyar xarici ölkələrdə də fəaliyyət göstərməlidir. Bu vətəndaşlarımızın sənədsiz fəaliyyətinin qarşısını ala bilər. Xarici ölkələrdə səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır”.
Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi qəbul edilib.
Daha sonra digər anun layihələri müzakirə edilib.
Deputat Razi Nurullayev vurğulayıb ki, toy və yas mərasimləri ilə bağlı qanunların qəbul olunması tez-tez gündəmə gəlir. Bunun “Mədəniyyət haqqında” qanunla tənzimlənə biləcəyini qeyd edən deputat bildirib ki, yas mərasimlərində daim ciddi israfçılıq olub: “Pandemiya bitəndən sonra bu, yenə davam edəcək. Pandemiya bitməmiş biz bu məsələləri tənzimləməliyik. Heç kim ehsan yarışına girməsin. Pandemiyadan əvvəl istər toy, istərsə də yas mərasimlərində sona qədər oturmaq olmurdu. Bu sahəyə nizam-intizam gətirməyin zamanıdır. İndi yaxşı fürsət yaranır ki, biz bunu edək”. Deputat havaların isinməyə başladığını qeyd edərək, açıq havada toylara icazə verilməsini təklif edib.
Əli Zülfüqaroğlu