Paşinyanın parlamentdə Azərbaycanla bağlı etirafları nədən xəbər verir? Siyasət

Paşinyanın parlamentdə Azərbaycanla bağlı etirafları nədən xəbər verir?

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu yenidən etiraf etməsi və hətta bu fikrini əsaslandırmağa çalışması bir çox mətləblərdən xəbər verir. Bu etiraf Ermənistan hakimiyyətinin Azərbaycanın yaratmış olduğu yeni reallıqlarla barışmaq niyyətində olduğunu ortaya qoydu. Ermənistan rəhbərliyi artıq başa düşür ki, başqa çarə yoxdur və Azərbaycanın diktə etdiyi şərtlər istisnasız yerinə yetirilməlidir.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Əslində Ermənistan baş nazirinin bu ritorikası həm də erməni xalqının sosial sifarişidir. Xatırladaq ki, Paşinyan ilk dəfə kənd adları ilə bağlı etirafını səsləndirəndə cəmiyyət bunu olduqca normal qarşılamışdı. Bundan başqa, keçirilən sonuncu rəy sorğuları erməni xalqının Azərbaycanla sülh istədiyi reallığını üzə çıxarmışdır. Görünür ki, erməni cəmiyyəti alternativ seçimin olmadığını düşünür və bunda tamamilə haqlıdır.

Erməni xalqı başa düşür ki, işğal siyasəti bu ölkənin inkişafını əngəlləyən başlıca səbəbdir. Ermənilər həm də gündən-günə yaşadıqları səfalətin daha da dərinləşdiyini görürlər. Təbii ki, sonuncu seçkilərdə xalqından növbəti dəfə kart-blanş alan Paşinyan xaricdən aldığı təxribat xarakterli təlimatlara rəğmən, öz seçicilərinin düşüncəsinə uyğun addım atmaq məcburiyyətindədir. Əks halda, onu da Sarkisyanın taleyi gözləyə bilər”.

Politoloqun fikrincə, Paşinyanın son etirafları həm də ondan xəbər verir ki, tezliklə Azərbaycanın bütün şərtləri yerinə yetiriləcək:

“Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Naxçıvan dəhlizi açılacaq və yekun sülh müqaviləsinin imzalanması üçün digər adekvat tədbirlər həyata keçiriləcək. Bu etiraflar bir növ cəmiyyəti və siyasi sistemi psixoloji olaraq yeni vəziyyətə hazırlamaq kimi başa düşülə bilər”.