Azərbaycan və Ukrayna arasında daşımalarla bağlı Protokol imzalanıb Siyasət

Azərbaycan və Ukrayna arasında daşımalarla bağlı Protokol imzalanıb

16 Sentyabr tarixində Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Nəqliyyat Daşımaları və Təhlükəsizlik Departamentinin Avtomobil Daşımaları İdarəsinin rəhbəri Katerina Onişenko rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, eyni zamanda "İcazə blank"larının hər iki ölkənin yükdaşıyıcılarının təlabatını nəzərə alaraq bölgüsünün təmin edilməsi müzakirə edilib.

Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.