ABŞ-ın Qarabağ siyasəti: vəziyyəti gərginləşdirməklə yenidən regiona daxil olmaq istəyi Siyasət

ABŞ-ın Qarabağ siyasəti: vəziyyəti gərginləşdirməklə yenidən regiona daxil olmaq istəyi

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ardıcıl neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini bildirib. ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır.
Onu da əlavə edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir.
Vaşinqtonun bu siyasəti nədən qaynaqlanır və Azərbaycanın adekvat addımı nədən ibarət olmalıdır, cəmiyyət olaraq nə etməliyik?
Millət vəkili Musa Qasımlı “Xalq Cəbhəsi”nə açıqlmasında “ABŞ-ın Ermənistandakı səfrinin məlum açıqlamaları bir daha göstərir ki, bəzi ölkələr münaqişənin tənzimlənməsində maraqlı deyillər”, - deyə vurğuladı. Musa Qasımlı bildirib ki, onlar Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə yenidən regiona daxil olmaq, möhkəmlənmək, münaqişələrdən istifadə edərək öz siyasətlərini yürütməyə çalışırlar: “Minsk Qrupu 1992- ci ildən bəri heç bir səmərəli fəaliyyət göstərməyib və onların məqsədi təkrarən bir bu regionu geri atmaqdır. Regionun inkişafı kommunikasiyaların açılmasından, Moskvada imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindən və əməkdaşlıqdan keçir. Digər ölkələr regiona yersiz müdaxilə etdikdə qarşıdurma yaranır. Düşünürəm ki, ABŞ səfirinn bəyanatı ilk növbətə Ermənistanın əleyhinədir. Yeni qarşıdurma Ermənistana müsbət heç nə vəd etmir”.

ABŞ-ın siyasəti dünyanın bir çox yerlərində provokativ xarakter daşıyır”

Politoloq Tofiq Abbasov isə diqqətə çatdırdı ki, Amerika Birləşmiş Ştatlarının siyasəti dünyanın bir çox yerlərində belə qeyri-müəyyən, hətta provokativ xarakter daşıyır. O, bildirib ki, ABŞ ümumiyyətlə özünün milli hüdudlarından kənarda ağır vəziyyətləri, böhranlı şəraiti dəstəkləyir, onu çox böyük ruh yüksəkliyi ilə qarşılayır: “Çünki, əslində belə situasiyalar fövqəlqüvvələrə imkan yaradır ki, onlar proseslərə müdaxilə, yaxud tərəfkeşlik etsinlər, öz mövqelərini möhkəmlətsinlər və bütün prosesə nəzarəti öz əllərində saxlasınlar. Deyərdim ki, bu məsələdə ABŞ rekordlara imza atan dövlətdir. Dağlıq Qarabağ məsələsinə gəlincə ABŞ bir tərəfdən deyir ki, Azərbaycanla müttəfiqdir, digər tərəfdən də bu tipli addımlar atır. Rusiya ilə münasibətlərlə bağlı da ABŞ həmişə Moskvanı borclu çıxarmağa çalışır. Onların çəkişmə dialoqu əvvəli olan və sonu olmayan bir prosesə çevrilib. Ona görə də orada Rusiyanın baş moderatorluq rolunu öz üzərinə götürməsi Amerikanın ürəyincə deyil. Amma ABŞ-a lazım olan odur ki, bizim bölgə onların diqqət mərkəzindədir. Bu da İran və Rusiya ilə bağlıdır. Onlar uzaqda olsalar da çalşırlar ki, burada öz təsirlərini gücləndirsinlər. ABŞ-ın İrəvandakı səfirliyinin çox böyük kontingentə malik olması təsadüfi deyil. Biz açıq aydın aydın görürük ki, ABŞ, Fransa və Rusiyanın daxilində olan bəzi qüvvələr yenə də təxribat yönlü hərəkətlərini davam etdirirlər. Çalışırlar ki, Azərbaycanı küncə sıxsınlar. Ancaq Azərbaycan bu situasiyadan kifayət qədər məharətlə çıxacaq. Bu onunla bağlıdır ki, biz, ilk növbədə hərbi kampaniyanı uğurla başa vurmuşuq. Digər tərəfdən ola bilsin ki, daha bir kampaniyaya ehtiyac olacaq. Çünki qalıq bandit yuvasını dağıtmaq lazımdır. Sonra separatçıların gecələr təxribat törətmək istəklərinin qarşısını almalıyıq. Əsas odur ki, Azərbaycan bütün prosesləri nəzarət altında saxlayır və vaxtı gələndə biz, müvafiq tədbirləri də görməli olacağıq”.
Politoloq bildirb ki bu prosesdə Azərbaycanın zəif nöqtəsi yoxdur: “Çünki biz beynəlxalq hüquq normaları çərçivəsindən kənara bir addım belə atmırıq. Digər tərəfdən biz öz niyyətlərimizi bəyan etmişik. Ermənistana qarşı bizim ərazi iddialarımız yoxdur. Əksinə Ermənistanın bizə, Türkiyəyə ərazi iddiaları var. Bunlar hamısı yeni münaqişələrə yol açan təhlükəli komponentlərdir. Onların qarşısını almağın yolu var və Azərbaycan da bunu məharətlə həyata keçirəcək. Söhbət nədən gedir? İlk növbədə gərək biz, onların bütün hərbi hazırlıqlarının gedişatını diqqətdə saxlayaq. Lazım gələrsə ünvanlı şəkildə onların bazalarını, meşələrdə yerləşən nöqtələrinin hamısını məhv edək. Bunun üçün bizim silah sursatımız və bütün imkanlarımız var. Digər tərəfdən də diplomatik səylərimizi gücləndirməliyik. İlk növbədə bizi dəstəkləyən dövlətlərimizlə dialoqlarımız davam etdirilməlidir. Qoşulmama Hərəkatında siyasətimizin yeni mərhələsini həyata keçirməliyik ki, bununla bağlı dövlət başçısı lazımi addımlar atır. Nəhayət bölgə dövlətləri ilə münasibətlərimizi tənzimləməli, xüsusilə Türk Birliyi ilə daha sıx əlaqələrə malik olmalıyıq...”.

“ABŞ səfirliyi gənclərimizin mənəvi deqradasiyası üçün səylərini gücləndirir”

Politoloq Tural İsmayılov isə dedi ki, ABŞ-ın Azərbaycandakı səfirliyi məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları gündəmə gətirməklə Azərbaycanda qondarma problemlər icad etməyə və xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirir”. O, bildirib ki, ABŞ Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmağa, bununla da ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağa, uşaqları seskual həyata cəlb etməyə, eynicinslilərin nigahını rəsmiləşdirməyə və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meyilləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsməyə çalışır: “ABŞ-ın belə məsələlərdə əsas təsir mexanizmlərindən biri olan USAİD-in son zamanlar Azərbaycanda fəallıq göstərməyə cəhd etdiyi müşahidə olunur. ABŞ səfirliyi bu təşkilatın xətti ilə sözügedən istiqamətdə layihələr həyata keçirtməyə çalışır. Azərbaycan ictimaiyyəti ABŞ-ın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan məsələləri gündəmə gətirməsinə ciddi etirazını bildirməlidir.
Amerika cəmiyyətinin həyat tərzini başqa ölkələrə ekspansiya etmək cəhdləri uğursuz cəhddir”.

Proses Ermənistanın ziyanına olacaq

Politoloq Məhəmməd Əsədullazadə isə dedi ki, ABŞ Ermənistan siyasətində baxışı bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir: “ABŞ prezidenti Co Bayden və Dövlət katibi Blinkenin Ermənistanın müstəqilliyi günü münasibətilə ünvanladığı məktubda konkret olaraq Ermənistan Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar: “İlk növbədə ABŞ belə bir ritorikaya getməməli idi. Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsindən rəsmi Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlərə, bağlı, həmçinin "status" məsələsi və Minsk qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla, rəsmi Yerevanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Baş nazir Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir.
Qeyd edim ki, ABŞ -ın Ermənistanda səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir. Həmçinin "status" məsələsinin vacibliyini qeyd edir. Görünür, İrəvanda səfirə təlimat birbaşa ABŞ-dan verilir. Yoxsa, səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi.
ABŞ bu mövqeyi rəsmi İrəvanın mövqelərinə təsir edəcək və Baş nazir Nikol Paşinyan Azərbaycanla hər hansı bir danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq. ABŞ, Fransanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan Minsk qrupu formatına qayıtmayacaq.
Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır...”.

Əli Zülfüqaroğlu