“Taliban Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə israrlıdır”-Turan Rzayev Siyasət

“Taliban Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə israrlıdır”-Turan Rzayev

“Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid Taliban hökumətinin BMT-də yer almaq üçün dost ölkələrdən kömək istəyə biləcəyini qeyd edib. Zəbiullah Mücahidin sözlərində həqiqət var. Ümumiyyətlə Talibanın gec-tez dünya ölkələri ilə əlaqələri bərpa edəcəyi bəlli idi. Çünki hərəkat özü də anlayır ki, təkcə Əfqanıstanın daxili resursları hesabına uzun müddət hakimiyyətdə qalmaq mümkün deyil. Digər tərəfdən Taliban Əfqanıstanın leqal hakimiyyəti olmaq istəyirsə, dünyaya inteqrasiya etməyə məcburdur”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, diqqətə çatdırıb ki, hazırda əksər ölkələr Talibanı Əfqanıstanın leqal hakimiyyəti olaraq saymasa da, Talibanın müraciət edəcəyi 4 müsəlman ölkə var: “Bu istiqamətdə Taliban Qətər, Pakistan, Türkiyə, hətta Azərbaycana belə müraciət edə bilər.
Zəbiullah Mücahidi özü də qeyd edib ki, Qətər çətin dövrlərdə bizə dəstək verən digər ölkələr ilə aramızda vasitəçi rolunu oynaya, BMT-də yer almağımıza kömək edə bilər. Mücahidinin Qətərin adını çəkməsi təsadüfi deyil”.
Politoloq əlavə edib ki, Qətər Talibana ən böyük dəstək verən, hətta hərəkatın mənzil qərargahlarından birinə ev sahibliyi edən ölkədir: “Buna görədə hazırda Talibanın ən böyük ümidi bu ölkəyədir.
Pakistan da, Talibana BMT-də yer almaq üçün dəstək ola bilər. Bu gün Pakistanda 13 milyondan artıq peştun yaşayır. Bu say Əfqanıstanda yaşayan peştunlardan iki dəfə artıqdır. Onu da qeyd edim ki, Taliban Əfqanıstanda gücdən düşdyü bir zamanda belə Pakistan ərazisində öz gücünü bərpa edərək hərəkata davam edə bilirdi. Pakistanın uzun müddət verdiyi dəstək bu ölkənin bu gün Talibana digər sahələrdə yaradım edə biləcəyini göstərir.
Türkiyə və Azərbaycan hələ ki, Taliban hökümətinə ehtiyatla yanaşsa da düşünürəm, bu istiqamətdə dəstək ola bilər. Talibanın verdiyi mesajlardan da aydındır ki, hərəkatın rəsmi Bakı və Ankaraya qarşı mövqeyi pis deyil. Xüsusilə Türkiyənin siyasi, gücü hərbi potensialı və söz sahibi mövqeyi Taliban üçün əvəzsiz imkandır. Taliban buna görə israrla Türkiyə ilə əlaqələri inkişaf etdirmək, Ankara vasitəsilə dünya siyasi arenasında özünə yer etmək istəyir.
Rəsmi Bakının bu istiqamətdə Ankara ilə birlikdə hərəkət edəcəyi də şübhə doğurmur.
Təsadüfi deyil ki, Azərbaycan tərəfi Taliban hökumətinə müsbət bir mövqe bildirmədiyi kimi, mənfi bir mövqe də bildirməyib. Digər bir məsələ də Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirmədən öncə Türkiyə, Azərbaycan, Pakistan və Əfqanıstan arasında regionda yaradılması planlanan 4-lü hərbi ittifaqdır.
Rəsmi Bakı və Ankara bu ittifaqı bu gün də istəyir. Pakistanın da mövqeyinin dəyişmədiyini ehtimal etmək olar. Taliban hökuməti bu istiqamətdə müsbət addım atarsa, düşünürəm rəsmi Bakı Ankara ilə birlikdə Taliban hökumətinin BMT-də yer almasına dəstək ola bilər”.

Əli