Milli Məclisdə İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri ilə görüş keçirilib Siyasət

Milli Məclisdə İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli və İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri ilə görüşü baş tutub. Xalqcəbhəsi.az xəbər verir ki, görüşdə Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli İƏT nümayəndə heyətini salamlayaraq, dövlət başçısı, Prezident İlham Əliyevin, Azərbaycanın İƏT ailəsinin fəal üzvü olması, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq etməsi ilə bağlı fikrilərini vurğulayıb. Əli Hüseynli İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkənin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti apardığı dövrdə, bu siyasəti pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul etdiyini xatırladıb. İƏT-nın Ermənistan-Azərbaycan münaqişəsi dövründə ədalətli mövqeyi və fəal rol oynamasını xüsusi olaraq qeyd edib. Bu müsbət və faydalı əməkdaşlıq ənənəsinin bundan sonra da iki ölkə arasinda qarşılıqlı münasibətlərin yaradılmasında daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. Həmçinin, nümayəndə heyətinə bu sahədə müvafiq əməkdaşlıqla bağlı məqsədlərinə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc, öz çıxışında bildirib ki, İƏT-in Fakt Araşdırıcı missiyası nümayəndələrinin Azərbaycana gəlişi olduqca mühüm və təqdirəlayiq hadisə olmaqla yanaşı, həm də, Vətən Müharibəsində qazanılan qələbədən sonra ölkəmizə göstərilən beynəlxalq diqqətin ifadəsidir. Onun sözlərinə görə, İƏT tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən onlarla qətnamənin qəbulu, 2016-cı ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı “İƏT Təmas Qrupunun” təsis edilməsi real dostluğun və əməkdaşlığın göstəricisidir. Azərbaycanda İƏT üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.
Öz növbəsində Azərbaycan da dövlət başçımızın qeyd etdiyi kimi, hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi və əməkdaşlığın təmin edilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyinin edilməsi bunun növbəti təzahürü idi. Azərbaycanda həmçinin, İƏT üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən Təqaüd Proqramına start verib.
Komitə sədrinin sözlərinə görə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası 2011-ci ildə Astana sessiyasında yaradılıb və bu il 10 illik yubiley ilinə təsadüf edir. Komissiyanın yaradılması özü insan hüquqlarının müdafiə mexanizmi yaradılması üçün əlamətdar bir hadisədir. Daimi Komissiyası ilə Azərbaycanın insan hüquqları təsisatları arasında birgə fəaliyyət üçün geniş meydan mövcuddur. Qarabağ münaqişəsi dövründə işğalçılıq siyasəti və Xocalı soyqırım həqiqətlərinin tanıdılması belə meydanlardan biri olub.
Hesab edirik ki, hazırda, torpaqların azad edildiyi postmünaqişə dövründə qarşılıqlı əməkdaşlıq çoxsaylı istiqamət və platformalarda davam edə bilər.
Azərbaycan islam dünyasında yeganə ölkədir ki, ərazi bütövlüyünü hərbi yolla təmin etmiş ölkə statusunu qazanıb və bu məqsədlə başlatdığı hərəkat tarixdə misli görünməyən yeniliklərə yol açıb. Biz əlbəttə, bir sıra müsəlman ölkələrinin beynəlxalq hüquqla müəyyənləşmiş suverenlik, müstəqllik və ərazi bütövlüyü kimi fundamental hüquqlarının pozulmaqda davam etməsindən dərin narahatlığımızı bildirik və təəssüflənirik. Lakin Azərbaycanın 30 illik işğala son qoyması islam dünyası üçün yeni perspektivlər açır və nəticələrin qorunmasında daha böyük səfərbərlik tələb edir. Ümidvarıq ki, qələbəyə gələn yolda olduğu kimi, gələcəkdə də İƏT çərçivəsində ölkəmizə verilən dəstək onun yeni uğurları və siyasi-hərbi nüfuzu fonunda daha da artacaqdır.
Digər bir istiqamət: Azərbaycanın ərazi bütövlüyün təmin etməyə qalxdığı Vətən müharibəsini istər beynəlxalq qərar və qətnamələrə uyğun olaraq apardı, eləcə də müxtəlif qitələrdə yerləşən, dini və siyasi quruluşundan, eləcə də islam dünyası ilə münasibətlərindən asılı olmayaraq, onlarla dövlət Azərbaycanın haqq davasını müdafiə etdi və müharibənin nəticələrinin legitimliyi tanıdı. Ölkəmiz İƏT üçün hüququn və ədalətin Zəfər çaldığı ölkə nümunəsi kimi qəbul edilməlidir.Ermənistandan fərqli olaraq, Azərbaycanın hərbi qələbəsi regiona davamlı sülh və rifah gətirəcək.
Daha bir istiqamət-hüquqları və bəşəri dəyərlərə hörmət İslam Əməkdaşlıq Təşkilatının rəhbər tutduğu əsas prinsiplərdir.Azərbaycanın postmüharibə dövründə regional və beynəlxalq strategiyası məhz insan hüquqlarının geniş təminatına xidmət edir və İƏT-in onu müdafiə edəcəyinə dərindən inanırıq. Ona görə də qardaş Türkiyə və tarixi bağlarla bizə ögey olmayan İran da daxil olmaqla İƏT-in üzv dövlətlərinin hamısının Azərbaycan məsələsində vahid mövqeyi bizim üçün prinqipial əhəmiyyət kəsb edir. Azərbayacn islam dünyasında parçalanma deyil, birlik tərəfdarı kimi çıxış edib. Ona görə də bizim zəfərimiz yalnız azərbaycanlıların deyil, ədalət tərəfdarı olan hər bir dövlətin qələbəsidir. Apardığımız savaş heç bir millətin dini mənsubiyyətinə görə deyil, məhz işğalçılıq siyasətinə son qoyulması olduğundan onu ləkələmək və ya gözdən salmaq, yaxud oğurlamaq mümkün deyil.İƏT təhlil institutları və media orqanları belə mövqelərin tirajlanması çox böyük əhəmiyyət kəsb edir.
Onu da vurğulamağı vacib hesab edirik ki, Azərbaycan bütün konfessiya və dini baxışlar arasında sülh modeli olduğu üçün hər hansı dinlər və məzhəblərası toqquşmları inkar edən bir dövlət və cəmiyyət modelidir. Ona görə də İƏT Azərbaycanın azad olunmuş torpaqlarında bütün dinlər və mədəniyyətlərə məxsus mirasa vurulmuş ziyanın qiymətləndirilməsi üçün birgə komissiyaların təşkili çox vacibdir...
Ermənistan “işğalçı ölkə” statusunu indi “məğlub ölkə” ilə əvəzlədikdən sonra müharibənin nəticələrini siyasi, iqtisadi və humanitar qazanc vasitəsinə çevirməyə çalışır. Halbuki regiona barış və sülhün gəlməsindən daha çox öz xalqını 30 illik təcridetmədən çıxara bilər. Ona görə İƏT ölkələrinin müxtəlif institutları çərçivəsində ermənilərin dünya çapında savaşın yekunlarını və Azərbaycanın hərbi uğurunun guya regiona təhlükəsini hər addımda təbliğ etməsinə qarşı birgə fəaliyyətlər həyata keçirilməsi faydalı olar.
Yekun olaraq, qeyd edək ki, İƏT üzv ölkələrinin Parlamentlərinin İnsan haqları təsisatlarının qarşılıqlı fəliyyət Platformasının yaradılması çox önəmlidir; İƏT üzv ölkələrinin İnsan haqları qurumlarının son 30 ildə işğal edilmiş ərazilərdə insan haqlarının pozulması ilə bağlı beynəlxalq konfrans və s. formatda görüşünün keçirilməsi vacibir; İƏT üzv ölkələrinin işğal illərində həyata keçirdiyi ekosid siyasətinin beynəlxalq ictimai rəyə çatdırılması yönündə dəstəyinə böyük ehtiyac var; İƏT platformasında insan haqları profilli vətəndaş cəmiyyəti qurumlarının birgə strateji əməkdaşlıq formatının yaradılması faydalı olardı; İƏT üzv ölkələrin Beyin Mərkəzlərinin insan hüquqları, ekosid, insanlıq əleyhinə cinayətlər və s. sahəsində ortaq fəaliyyətinin intensivləşməsi də günün tələbidir; Beynəlxalq hüquq təşkilatlarının hazırda, hüquq və azadlıqlar sahəsində Hesabat və dəyərləndirmələrlə bağlı monopoliya vəziyyətini nəzərə almaqla, alternativ İƏT ölkələrinin hüquq təsisatlarının qlobal insan haqları ilə bağlı dəyərləndirmələrinin hazırlanması çox faydalı olardı. Əlbəttə, İƏT-in vahid mühakimə qurumu, Avropa Məhkəməsi timsalında olduğu kimi, mövcud deyil. Bununla bərabər, dövlətlərin birgə çıxardığı qərarların gələcək iqtisadi-siyasi nəticələri Ermənistanın xarici siyasi planlarına ağır zərbə olardı.
Görüşün sonunda, İƏT nümayəndə heyəti isə öz növbəsində ilk başda dövlət rəhbərimizə daha sonra isə əlaqədar qurumlara dəvət üçün təşəkkürünü bildirmiş, səfərlə əlaqədar hazırlayacaqları hesabatlarda təqdim edilən məlumatların, eyni zamanda işğaldan azad edilmiş ərazilərə səfər zamanı əldə edəcəkləri informasiyaların müvafiq sənədlərdə öz əksini tapacağını qeyd ediblər.