BAXCP-dən Anım Günü ilə bağlı açıqlama Siyasət

BAXCP-dən Anım Günü ilə bağlı açıqlama

Bu gün 50 milyondan çox azərbaycanlı üçün həm qürur, həm də kədər günüdür

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Anım Günü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Bu gün bir il öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası məqsədilə başladılan əks-hücum əməliyyatının ildönümü, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, şəhidlərimizin Anım Günüdür. Bu gün o taylı-bu taylı Azərbaycanda yaşayan, qəlblərində Vətən, Bayraq sevgisi, müxtəlif dövlətlərin ərazisində ömür sürən 50 milyondan çox azərbaycanlı üçün həm qürur, həm də kədər günüdür.
Torpaqlarımızın 30 ilə yaxın bir zaman ərzində işğal altında qalmasına, bir milyondan çox soydaşımızın öz yurdlarından didərgin düşməsinə, yaşayış məntəqələrimizin viran qoyulmasına, xalqımıza və dövlətimizə qarşı nümayiş etdirilən misli görünməmiş haqsızlığa baxmayaraq, yenidən toparlanaraq düşməni torpaqlarımızdan qovduğumuz, gücümüzü, iradəmizi, birliyimizi bütün dünyaya nümayiş etdirdiyimiz üçün qürurluyuq. Bu müqəddəs müharibədə bəşəriyyətin hər tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq nümayiş etdirən, hər biri bir orduya bərabər igidlərimizi cismən itirdiyimiz üçün kədərliyik.
Azərbaycan xalqı və dövləti 30 ilə yaxın bir zaman kəsiyində Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində başlayan münaqişənin dinc yolla həll edilməsi üçün böyük səbr və iradə nümayiş etdirdi, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinin icra olunacağına ümid bəslədi və bunun baş verməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etdi. Bu müddət ərzində münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu işğalçıya qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təzyiq mexanizmlərinin tətbiqi istiqamətində konkret addımlar atmadan, nəticəsiz və uzun-uzadı danışıqlar vasitəsilə işğalın əbədiləşməsi üçün əlverişli zəmin yaratmağa səy göstərdi.
2018-ci ildə Ermənistanda siyasi hakimiyyəti ələ keçirən Nikol Paşinyanın, həmçinin vaxtilə Ermənistana rəhbərlik etmiş müharibə caniləri, Xocalı qatilləri Robert Köçaryan və Serj Sarkisyanın açıqlamalarından da bəlli oldu ki, rəsmi İrəvan danışıqlar prosesinin davam etdiyi müddətdə “bir qarış torpaq da verməmək” prinsipi ilə hərəkət edib.
Yaranmış vəziyyət Azərbaycan üçün başqa yol və seçim qoymadığı üçün, ötən il sentrabrın 27-də Ermənistanın davamlı təxribatlarına qarşı “Dəmir yumruq” əməliyyatı başladıldı. Azərbaycan xalqı Ali Baş Komandanın ətrasında yumruq kimi birləşdi, tarixdə görünməmiş birlik, iradə nümayiş etdirdi.
Qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyi ilə müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri 30 ilə yaxın qürurumuza basılmış işğal damğasını qanlarıyla təmizlədilər, müqəddəs üçrəngli bayrağımızı işğaldan azad edilmiş yurd yerlərimizə, ən uca zirvələrdə dalğalandırdılar.
Bu müddət ərzində Azərbaycanın siyasi partiyaları, mediası, qeyri-hökumət təşkilatları ölkəmizin ədlətli mövqeyinin müdafiəsi üçün informasiya savaşının içərisində yer aldılar, xalqı Ali Bş Komandanın ətrafında səfərbər edərək düşmənin təxrinatlarına qarşı vahid mövqe sərgilədilər.
44 gün ərzində Ermənistan ordusunda 10 mindən artıq fərarilik faktı qeydə alındığı halda, Azərbaycanda bir nəfər də fərari olmadı. Azərbaycan vətəndaşları Vətənimizin ərazi bütövlüyünü təmin etmək, müharibəyə getmək üçün kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanladılar, sözügedən xidmətin yerli idarələrinin qarşısına axışdılar.
44 gün ərzində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları Ordumuza, dövlətimizə dəstək oldular. Hər kəs bacardığı qədər bu müqəddəs mücadilənin içərisində yer almağa çalışdı.
Şübhəsiz ki, 44 günlük müharibə nəticəsində əldə etdiyimiz qələbənin memarları Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlıqlarını itirən, canlarını fəda edən əsgər və zabitlərimiz, şəhidlərimizdir. Bu gün Vətənimizin ayrılmaz bir parçası olan Qarabağımızın qurtuluşu üçün canlarını qurbam verən, ölümləriylə milli qürurumuzu dirçəldən şəhidlərimizi dərin ehtiramla anır, onların müqəddəs ruhları qarşısında baş əyirik!
Tanrı Azərbaycanı qorusun!