“Hərbi əməliyyatların aparılmasında Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı” Siyasət

“Hərbi əməliyyatların aparılmasında Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı”

Musa Qasımlı: “Uğurla həyata keçirilən xarici siyasət öz təsirini göstərdi”

“Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman şəhidlərimizin müqəddəs qanı, qazilərimizin və hərbçilərimizin şücaəti ilə ərazilərimizin təcavüzkar Ermənistanın işğalından azad edilməsi uğrunda müharibənin başlanmasından və bütün həyatımızı dəyişən zəfərdən bir il ötür. Ərazilərini işğaldan azad etmək uğrunda 2020-ci il sentyabrın 27-də Azərbaycanın müharibəyə başlamasının bir sıra səbəbləri var idi”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, münaqişənin dinc siyasi vasitələrlə tənzimlənməsindən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsindənboyun qaçıran, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı həyata keçirən Ermənistan ötən illər ərzində işğalı “oldu-bitdi” kimi qələmə verməkdən, unutdurmaqdan və diqqəti yayındırmaqdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri cəlb etməkdən, Azərbaycanın Qərbə açılan neft-qaz, nəqliyyat-kommunikasiya sistemlərinin qarşısını kəsməkdən ötrü yayda Tovuz rayonu istiqamətində sərhəddə təxribatlar törətdi: “Bu hərəkətlər işğalçı ölkənin müdafiə nazirinin yeni ərazilər tutmaq barədə əvvəllər səsləndirdiyi militarist fikirlərin həyata keçirilməsi cəhdi idi. Dövlət sərhədində təxribatın qarşısı alınsa da, yeni ərazilər işğal etmək məqsədilə təmas xəttində Ermənistanın törətdiyi yeni təxribatlar nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan dəydi.
Azərbaycan tərəfi zəruri hərbi tədbirləri görməyə məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə qətiyyətli cavab vermək və işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə başlamaq barədə qərar qəbul edildi. Dövlət başçısı həmin gün xalqa müraciət edərək yaranmış şəraiti izah etdi və qəbul olunan qərarı çatdırdı, Azərbaycanın işinin haqq olduğunu və qələbə qazanacağını bildirdi.Prezidentin fərmanı ilə ölkədə hərbi vəziyyət və fövqəladə vəziyyət elan edildi.
Hərbi əməliyyatların başlanması üçün bütün məsuliyyət problemi dinc yollarla tənzimləməkdən boyun qaçıran və hərbi avantüralara əl atan işğalçı Ermənistanın üzərinə düşürdü.
Müharibə Azərbaycan tərəfindən xarakterinə görə ədalətli və təcavüzkar Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi idi”.
Millət vəkili əlavə edib ki, Ermənistan tərəfindən müharibə ədalətsiz və işğalçılıq müharibəsi idi: “Hərəkətə keçən Azərbaycan ordusu qısa müddətdə bir sıra əraziləri işğaldan azad etdi. Döyüşlər zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə alan hərbçilərə dövlət xüsusi qayğı göstərdi. Dünya hərb tarixi göstərir ki, dövlət rəhbərləri bir qayda olaraq hərbi əməliyyatların gedişində yaralanan hərbçilərə dərhal baş çəkmirlər. Azərbaycanda isə fərqli oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Hospitalda hərbçilərə baş çəkərək vəziyyətləri ilə tanış oldular.Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan vətəndaşlarının yüksək milli vətənpərvərlik ruhundan, döyüşlərin gedişindən, dövlətin şəhid ailələrinə və qazilərə diqqət və qayğısından bəhs etdi, işğalçı Ermənistanın siyasətinin iç üzünü açdı, düşmənin əziləcəyini bildirdi.
Məlum olduğu kimi, müharibə siyasətin başqa vasitələrlə davamı olsa da, dünya hərb tarixində bəlli bir müharibə siyasəti də vardır. Hərbi əməliyyatlar Ermənistanın və Azərbaycanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi. Döyüş meydanında məğlub olan işğalçı ölkəninCəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Horadiz və Gəncəni,Ermənistan ərazisindən isə Şəmkir rayonunun ərazisini raket atəşinə tutması nəticəsində mülki obyektlərə ziyan dəydi və dinc sakinlər qətlə yetirildilər.Bununla işğalçı ölkə müharibənin aparılmasına dair beynəlxalq konvensiyaları kobud surətdə pozdu və hərbi cinayət törətdi.
Hərbi əməliyyatların gedişində Ermənistan ordusunda fərarilik artdı. Küçələrdən zorla yığılaraq özlərinə aid olmayan torpaqlara göndərilən ermənilər qorxularından döyüşə girmirdilər.
Ermənistanın törətdiyi ağır müharibə cinayətlərinə baxmayaraq, torpaqlarını işğaldan azad etmək uğrunda döyüşən Azərbaycan heç bir mülki öbyekti və dinc insanları hədəf almadı. Bu barədə dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan etdi. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusundan bir nəfər də olsun yayınan olmadı. Əksinə insanlar çağırış məhtəqələrinə axın-axın gələrək cəbhəyə getmək üçün müraciətlər edirdilər”.
O, bildirib ki, müharibə günlərində hərbi əməliyyatların aparılmasında, amansız diplomatik-siyasi mübarizə və informasiya savaşında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsiyyəti, qətiyyətli siyasi iradəsi, yüksək dövlət idarəçilik, böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı: “Həm müharibəyə qədər, həm də onun gedişində uğurla həyata keçirilən xarici siyasət, yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait öz təsirini göstərdi. Hərbi əməliyyatların gedişində Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına uyğun olan haqq işini müdafiə etdilər, torpaqlarının işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasına tərəfdar çıxdılar.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə dəfə Bakıya səfər edərək Azərbaycanın haqq işinin diplomatik-siyasi və mənəvi baxımdan müdafiə edildiyini birmənalı olaraq bəyan etdi.TBMM sədri Mustafa Şentop başda olmaqla nümayəndə heyətinin Bakıya səfəri bu baxımdan əhəmiyyətli oldu. Belə bir mövqe Türkiyə dövlətinin və türk millətinin təkcə qardaşlıq hisslərindən deyil, eyni zamanda beynəlxalq hüquq normalarına dərin hörmətindən irəli gəlirdi. Bununla Türkiyə işğalçı ölkəni müdafiə edən dövlətlərə də dərs verdi.
Ermənistanın törətdiyi müharibə cinayətlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinə olduğu kimi çatdırılmasından ötrü Müdafiə Nazirliyində bir neçə dəfə brifinq təşkil edildi. Düşmən ölkənin beynəlxalq konvensiyaları pozaraq mülki əhalini və obyektləri vurması foto və video sənədlərlə diplomatik korpusun üzvlərinə təqdim olundu.
Döyüşlərdə məğlub olmasına baxmayaraq, Ermənistan Azərbaycan haqqında yalan informasiyalar yaymaqda davam etdi. İşğalçılıq siyasətini ört-basdır etmək üçün müharibənin guya xristian dininə qarşı aparılmasına və uydurma “erməni soyqırımı”nın həyata keçiriləcəyinə dair Ermənistanın yalanları müxtəlif dinlərin nümayəndələrinin, məscidlərin, kilsələrin və sinaqoqların yanaşı və bərabər şəkildə fəaliyyət götərdiyi, Bakıda erməni kilsəsinin saxlanıldığı, ermənilərin yaşadığı Azərbaycan tərəfindən ustalıqla iflasa uğradıldı. 200 ildən bəri aparılan uydurma erməni təbliğatına öldürücü zərbə vuruldu.
İşğalçı ölkənin müxtəlif dövlətlərin vasitəsilə Azərbaycana təzyiq etmək cəhdləri də bir nəticə vermədi.Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə zəng edərək erməni təbliğatının uydurmalarına əsasən guya muzdlulardan istifadə edilməsinə və b. məsələlərə dair səsləndirdiyi əsassız iddialar qətiyyətlə rədd edildi. Sübutların verilməsi istənilsə də,Fransatərəfi konkret bir söz söyləyə bilmədi. Hərbi əməliyyatların dayandırılması barədə təzyiqlərə məhəl qoymayan Azərbaycan rəhbəri işğal altındakı torpaqların azad edilməsinə dair qəti iradəsini bir daha bəyan etdi.
İnformasiya sahəsində Prezident İlham Əliyev Əl-Cəzirə,Türkiyənin TRT-Haber, CNN-Türk, A Haber,Haber Global,Rusiyanın Pervıy Kanal televiziya kanallarına,İnterfaks agentliyinə, CNN International, Rusiyanın RBK, ABŞ-ın Foks Nyus televiziya kanalına,TASS agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibələrində Ermənistanın siyasəti və törətdiyi müharibə cinayətlərinə, Azərbaycan dövlətinin məqsədlərinə, Türkiyə qırıcılarının Azərbaycanda olmasına, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və b. məsələlərə aydınlıq gətirdi. Bu müsahibələr Azərbaycanın apardığı hərbi əməliyyatların məqsədinin və işğalçı Ermənistanın siyasətinin xarici ölkələrdə dərk edilməsində müstəsna rol oynadı, dünya ictimai rəyinə və bir sıra dövlətlərin mövqeyinə təsir göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə döyüşlərin aparılması, yaranmış şərait, qarşıda dayanan vəzifələr geniş müzakirə edilməsi və konkret tapşırıqlar verməsi ölkə başçısının qüdrətli sərkərdəlik məharətini göstərdi. Müşavirədə etdiyi nitqində Ali Baş Komandan cəbhədə qazanılan uğurlardan, düşmənin törətdiyi müharibə cinayətlərindən geniş danışaraq bildirdi ki, Azərbaycanın işi haqqdır və ərazilər düşməndən azad ediləcəkdir.
Qəhrəman Azərbaycan Ordusunun keçilməz, sıldırım qayalıqlardan, dağlardan və meşələrdən keçərək əlbəyaxa küçə döyüşlərində noyabrın 8-də mədəniyyət mərkəzi olan Şuşa şəhərini işğalçılardan azad etməsi Ermənistanın diz çökməsi oldu. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu bir dəfə də olsun geri çəkilmədi.
Hərb meydanında məğlub olan işğalçı ölkə noyabrın 10-da 9 bənddən ibarət olan Moskva bəyanatını imzalamaqla danışıqsız təslim aktını qəbul etdi. Videoformatda sənədi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir müddət sonra isə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan imzaladı. Sənəddə hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması, kommunikasiyaların açılması, Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi, erməni qoşunlarının çıxarılması, Naxçıvana gedən yolların tikintisi və b. məsələlər əksini tapmışdı. Naxçıvana gedən dəhlizin yaradılması məsələsinin bəyanata daxil edilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətlərindən biridir.
Bəyanatın imzalanmasından sonra Azərbaycan xalqına müraciət edən dövlət başçısı sənədin mahiyyətini izah etdi.Ümumiyyətlə, hərbi əməliyyatların gedişində dövlət başçısının xalqa belə tez-tez müraciətetməsi dünya ölkələrinin dövlətçilik tarixində nadir rast gəlinən hadisədir.
Üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam şəhərindən işğalçı Ermənistan silahlı qüvvələri çıxarıldı. Azərbaycan şəhid vermədən və bir güllə atmadan rayonu azad etdi.
Moskvada imzalanan bəyanatda noyabrın 15-də Kəlbəcər rayonundan işğalçı qüvvələrin çıxarılması nəzərdə tutulsa da, Ermənistan əlavə olaraq 10 gün vaxt istədi. Bu müddət ərzində işğalçı ölkə hiyləgərliklə sərhəd postunu Azərbaycan içərilərinə doğru 1,5 km çəkdi, yaşayış evlərini, məktəbləri və tibb məntəqələrini yandırdı, meşələri vəhşicəsinə qıraraq taladı. Bu hərəkəti ilə Ermənistan imzasına hörmət etmədiyini göstərdi və bəyanatı imzalayan Rusiya Federasiyasına xəyanət etdi. Noyabrın 25-də düşmən qüvvələri Kəlbəcərdən, dekabrın 1-də isə Laçın rayonundan da çıxarıldı”.
Musa Qasımlı əlavə edib ki, qazanılan qələbə münasibətilə dekabrın 11-də Bakıda Azadlıq meydanında Prezident İlham Əliyev və birinci xanm Mehriban Əliyeva ilə birlikdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı və digər rəsmi şəxslərin iştirak etdiyiZəfər paradı keçirildi: “Dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti paradda çıxış edərək qazanılan qələbənin tarixi əhəmiyyət daşıdığını bildirdilər.
Paradda qəhrəman Azərbaycan Ordusunun qoşun hissələri, eyni zamanda Türkiyə əsgərləri də iştirak etdilər. Düşmən üzərində qələbə qazanılmasında istifadə edilmiş silah və texnikanın, eyni zamanda cəbbəxanada olan ən müasir silahların nümayiş etdirildiyi parad Azərbaycan hərbi gücünü bütün dünyaya göstərdi. Paradda həmçinin işğalçı Ermənistandan hərbi qənimət olaraq ələ keçirilmiş silah və texnika da nümayiş etdirildi.
Müharibədə qələbənin qazanılmasının başlıca səbəbləri güclü dövlət, iqtisadiyyat, qüdrətli ordu, xalq və hakimiyyət birliyi, yüksək milli-mənəvi ruh, səmərəli dövlət idarəçiliyi, yürüdülən uğurlu xarici siyasət, təsirli informasiya siyasəti və b. oldu.Bütün millət düşmənə qarşı tək ürək və dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Azərbaycan və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.
Azərbaycan, region və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin qazanılması ilə hər şeydən əvvəl, Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin və neonasizminin belini qıraraq iç üçünü açdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdi.
Qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu.
Müharibə və qazanılan qələbə bir sıra ibrət dərsləri verir. Hər şeydən əvvəl, keçilən yol göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və dövlət rəhbəri amili dayanır. Azərbaycan dövləti zəif olan zamanlardamillət daim geri gedib, güclü olanda isə qarşısına qoyduğu məqsədlərə nail olub. Dövlətimizin və millətimizin gələcək yolunun başlıca formulunu Prezident İlham Əliyev aşağıdakı kimi müəyyənləşdirib: “ Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.

Əli