Mirmahmud Mirəlioğlu: "Buna nə münasibət bildirə bilərəm ki?"
Razi Nurullayev: "Bu cür addım atmaqla Milli Şuranın dəfnini yaxınlaşdırırlar"
AXCP sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev və Klassik Azərbycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan xaric ediliblər.
"Mən AXCP-dən gedəndən sonra Əli Kərimli ilə münasibətim pozulub. O Milli Şuranın Koordinasiya Şurasının üzvüdür və AXCP-nin Milli Şuranın yaranmasında, hazırda isə idarə olunmasında çox böyük rolu məlumdur",- bildirən Razi Nurullayev "demək olar ki, Milli Şuranı AXCP idarə edir",- deyə əlavə edib. O qeyd edib ki, bu baxımdan da, tapşırıqla və Ə.Kərimlinin təqdimatı ilə təbii ki, mən Milli Şuradan uzaqlaşdırılmışam: "Buna da, əslində mən problem kimi yanaşmıram. Sadəcə problem ondan ibarətdir ki, mən Milli Şuranın üzvü olaraq, qalırdım. Mən təbii ki, Milli Şuradan çıxarılacağımla bağlı məlumatlar da alırdım, heç onları gözləmədən də ilk addımı özüm ataraq, Milli Şuradan istefa da verə bilərdim. Lakin mən bunu etmədim və doğru da etdim".
R.Nurullayev bildirib ki, o hər zaman Milli Şuranın toplantısına dəvət olunub: "Bu dəfə isə bu gizli şəkildə həyata keçirildi və mən dəvət olunmadım, iclasın olacağını bilmirdim. Daha sonra mətbuatdan oxudum ki, məni Milli Şuradan uzaqlaşdırıblar. Amma demokratiya oyununda çalışan, demokratiyanı öz əlində bayraq edən insanlar demokratiyanı, söz azadlığını, insanların fərqli düşüncə azadlığını pozaraq, bu cür addım atdılar. Bu ağrılı məsələ bundan sonra ondan ibarət olacaq ki, Milli Şurada hər hansı bir məsələ gündəliyə, səsə qoyulan zaman "100 faizlik" səs artıq öz işini görəcək. Yəni, artıq heç kim fərqli fikir söyləməyəcək. Hər kəs eyni sözü deyəcək. Bu isə demokratiya deyil. Onun üçün də mən artıq hesab edirəm ki, bu cür addım atmaqla Milli Şuranın dəfnini yaxınlaşdırırlar".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə məsələyə bu cür yanaşıb: "Olmadığım yerdən məni xaric ediblər. Buna nə münasibət bildirə bilərəm ki?"
Qeyd edək ki, Milli Şuranın ötən gün növbəti sessiyası keçirilib. Müzakirələrin yekununda Milli Şuranın bir neçə üzvü, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin sabiq müavini, Yeni Demokratiya Hərəkatının sədri Razi Nurullayev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da daxil olmaqla bir sıra KXCP təmsilçiləri qurumdan çıxarılıblar.
Əli