Bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaq Siyasət

Bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaq

Nail Cəlil: “Ermənistan yeni reallıqları qəbul etməyə və sülh müqaviləsi imzalamağa məhkumdur”

“Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini yetərincə müsbət və nikbin ovqatda qiymətləndirmək mümkündür. Görüşün detalları, yekun olaraq qəbul edilən Soçi bəyanatının müvafiq bəndləri məhz belə qənaətə gəlməyə əsas verir. Bəyanatın məzmununa diqqət yetirdikdə ölkəmizin Soçi görüşü ərəfəsində qarşıya qoyulan hədəflərə əsasən, nail olduğu aydın görünür. Ən vacib məqam odur ki, 26 noyabr bəyanatında avtomobil və dəmir yollarının açılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması, müvafiq həll mexanizmlərinin qısa müddətdə dəqiqləşdirilməsi nəzərdə tutulub”.
Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə eksklüziv açıqlamasında üçtərəfli Soçi görüşünün yekunlarını şərh edən tanınmış politoloq Nail Cəlil səsləndirib. O qeyd edib ki, Prezident İlham Əliyev haqlı, ədalətli və güclü mövqeyi hər hansı şərt qoyulmadan Soçi bəyanatında tam əksini, ifadəsini tapıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat konfransında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı “dəhliz” ifadəsini dəfələrlə vurğulaması belə nəticəyə gəlməyə əsas yaradır: “Digər tərəfdən, bir il əvvəl imzalanan 10 noyabr bəyanatında Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrinin maneəsiz, Rusiya silahlı qüvvələrinin nəzarəti altında bərpası şərti öz əksini tapıb ki, bu elə Zəngəzur dəhlizinin mütləq şəkildə açılması deməkdir”.
Politoloq Nail Cəlil onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması regional əlaqələrin genişlənməsi, “İpək yolu”nun 1000 kilometrdən artıq qısalması, Rusiyanın beynəlxalq vasitəçi və sülhün təminatçısı kimi, regionda rolunun möhkəmlənməsi, regional siyasi-iqtisadi əməkdaşlığın yeni müstəviyə keçməsi deməkdir: “Regional əməkdaşlıq və inteqrasiya müəyyən qlobal güclərin təsiri altında prosesə açıq və gizli müqavimət göstərməyə çalışan Ermənistanın da maraqlarına uyğundur. Bəlli olan odur ki, baş nazir Paşinyan xarici güclərin himayəsi və daxili müxalifətin təzyiqi altında bu prosesi yubatmağa çalışır. Lakin Soçi bəyanatı bir daha təsdiqləyir ki, Ermənistan yeni reallıqları qəbul etməyə və yekunda sülh müqaviləsi imzalamağa məhkumdur”.
Politoloqun sözlərinə görə, yeni reallıqlardan biri də Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində əhəmiyyətli dərəcədə möhkəmlənməsidir: “Bu dövlət başçılarının qarşılıqlı səmimiyyətində, regional problemlərin birgə, konstruktiv həlli ilə bağlı fəal dialoqda öz əksini tapır”.
Nail Cəlil sonda bildirib ki, Soçi bəyanatı Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşmanı və sülh müqaviləsinə hazırlıq prosesinin başlanması ilə bağlı konkret razılaşmanı ifadə edir: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra regionda vəziyyət daha təhlükəsiz olacaq, proseslər əməkdaşlıq müstəvisində, konstruktiv məcrada cərəyan edəcək”.
Cavid