

"Rəqəmsal platforma ilkin olaraq mart və aprel aylarında pilot layihə şəklində istifadəyə verilib".
Bunu MÜTDA-nın Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib.
O bildirib ki, kağız jurnallardan sonra elektron jurnalların tətbiqi müsbət bir addımdır: “Artıq bu ilin sentyabr ayından kağız jurnallardan imtina etdik. 353 təhsil müəssisəsində kağız jurnallar ləğv olunub və qiymətləndirmələr tamamilə elektron platforma üzərindən aparılır. Elektron jurnal Elm və Təhsil Nazirliyinin dərs müddətində nə baş verdiyinə anında nəzarət etməsinə imkan verəcək".
Fidan Nəcəfova həmçinin qeyd edib ki, bu gündən elektron jurnallarda qeydlərin aparılmasına başlanılır: “Tədris ilinin başlanğıcı olduğu üçün müəllimlərə vaxt vermişdik. Amma bu gündən prosesə başlanılır”.
Sektor müdiri bildirib ki, regionlarda 120 yaxın məktəbdə kağız jurnalla yanaşı elektron jurnal da mövcuddur.
O qeyd edib ki, sentyabrın 15-dək təhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlimlər təşkil olunub: “Bu platformanın istifadəsi ilə bağlı təlimlər uğurla keçirilib. İndiki mərhələdə bu proseslər tamamlandıqdan sonra valideynlər də qeydiyyatdan keçə bilərlər. Bakı şəhəri üzrə 70 faiz valideyn artıq qeydiyyatdan keçib. Valideynlər fin kodu ilə qeydiyyatdan keçdikdən sonra övladları haqqında məlumat əldə edə bilirlər”.