16:53
595
“Arzum budur ki, Azərbaycanda şəffaf seçilən real həmkarlar ittifaqları birlikləri yaransın. Yəni həqiqi olaraq əməkçilərin hüquqlarını bütün digər iştirakçılar qarşısında, o cümlədən dövlət, sahibkar və digər subyektlər qarşısında qoruyan bir təşkilat yaransın. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası işçilərin, əməkçilərin hüquqlarını bütün münasibətdə olduğu subyektlərdən qoruyan bir təşkilata çevrilsin. Amma hazırkı Azərbaycanın vahid həmkarlar təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası çox təəssüflər olsun ki, hələ bu funksiyanı dəqiqliklə, səmərəli şəkildə həyata keçirə bilmir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli söyləyib.
A.Nəsirli deyib ki, həmkarlar ittifaqı dünyada nə dövlət təşkilatı, nə də ictimai təşkilatdır, bu, hibrid bir təşkilatdır: “Bütün dünyada onun nizamnaməsi dövlət tərəfindən təsdiqlənir, amma dövlət onu idarə etmir. Dövlət onunla bərabərhüquqlu tərəfdaş kimi davranır. O cümlədən də sahibkarlar qarşısında üstün hüquqlara malik bir təşkilatdır. Dünyanın demokratik ölkələrində həmkarlar ittifaqlarında sahibkarları müxtəlif mexanizmlərlə məcbur etmək hüququ var. İstərdim ki, Azərbaycanda o cür həmkarlar ittifaqları yaransın”.
O əlavə edib ki, həmkarlar ittifaqının mərkəzləşdirilmiş iyerarxik formada yaranması da doğru deyil: “Müxtəlif idarə, müəssisə, təşkilat, şirkət hər biri özünün həmkarlar ittifaqını yaratmalıdır və həmin ittifaqdan yalnız onu yaradanlar bəhrələnməlidir. Ümumi mərkəzləşdirilmiş bir ittifaqın olmasının mən əleyhinəyəm. Sadəcə olaraq formal bir qrup ola bilər. Ümumi hüquqlar uğrunda mübarizə zamanı həmin o formal qrup bir-biri ilə əməkdaşlıq etmək istəyən həmkarlar təşkilatlarını idarə edə bilər. Yəni o cür formalaşa bilər. Azərbaycanda isə Həmkarlar İttifaqları Konfederasiyası nazirlik kimi mərkəzi qurumdur. Yerli təşkilatlar da onun tabeliyindədir. Bu, sovetlər sistemindən miras qalmış modeldir. Bu model artıq öz zamanını ötürüb. Yəni sovet hökuməti dövründə bu ittifaq necə formal bir təşkilat idisə, bu gün də eynidir”.
Röya İsrafilova
18:03
434
17:51
504
17:33
476