AMEA haqqında gedən tənqidi yazılara aydınlıq gətirib Cəmiyyət

AMEA haqqında gedən tənqidi yazılara aydınlıq gətirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, son günlərdə bəzi sosial şəbəkələrdə AMEA haqqında gedən tənqidi yazılara aydınlıq gətirilməsinə ehtiyac var.

AMEA-nın 30 aprel - 2 may tarixlərində Qarabağ Universitetində “Azərbaycanda “Qarabağnamə” ənənəsi və Akademiyanın Qarabağnaməsi” mövzusunda keçirdiyi yubiley elmi konfransı zamanı və ümumiyyətlə heç vaxt bu ali təhsil ocağına sosial şəbəkələrdə yazıldığı kimi yüzə yaxın noutbuk yox, 1215 (min iki yüz on beş) adda kitab və bir ədəd rəsm əsəri hədiyyə edilib. Hədiyyələrin içərisində bir ədəd də noutbuk olmayıb. Həm də yüksək dövlət qayğısı ilə əhatə olunan Qarabağ Universitetinin buna heç ehtiyacı da yoxdur.

Çin Xalq Respublikasından AMEA-nın 80 illik yubileyi tədbirində tərəfdaşı olan Hebey Sosial Elmlər Akademiyasından üç, Honkonq Kore Akademiyasından isə dörd nəfər iştirak edib. Yubileydə iştirak edən digər qonaqlar kimi, çinli qonaqların da yol xərclərini (aviabiletlərini) göndərən tərəf, ölkədaxili otel və yemək xərclərini isə AMEA ödəməyib. Bundan əlavə, dekabr ayında Çin Elm və Texnologiya Assosiasiyası xətti ilə görkəmli Çin riyaziyyatçı alimi Liu Huinin 1800 illik yubileyi tədbirində iştirak edən 20 nəfərə yaxın çinli qonaqlardan səkkiz nəfəri Pekindən gəlib, qalanları o ölkənin Bakıda təhsil alan tələbələrindən ibarət olub. Bakı şəhərində cəmi bir gün qalmış həmin səkkiz nəfərin bütün xərcləri özləri tərəfindən qarşılanıb. AMEA tərəfdən yalnız konfransdan sonra çinli və azərbaycanlı iştirakçılara çay-şirniyyat süfrəsi (kofe-breyk) təqdim olunub. Buna isə Akademiya 600 (altı yüz) Azərbaycan manatı həcmində maliyyə vəsaiti xərcləyib.

Akademiya Rəyasət Heyəti üçün 2025-ci ildə alınmış 35 ədəd kompüterin hamısı alınan kimi hissə-hissə AMEA Rəyasət Heyəti aparatının elmi bölmələrinə və şöbələrinə paylanılıb. Alınmış altı ədəd soyuducular Biologiya və Tibb Elmləri Bölməsi ilə Mətbuat xidmətinin birgə otağında (otaq №515), Kimya Elmləri Bölməsində (otaq №214), Beynəlxalq əlaqələr şöbəsində (otaq №505), Təsərrüfat şöbəsində (otaq №103) yerləşdirilib. İki ədəd soyuducu və “Ariston” su qızdırıcıları isə AMEA Rəyasət Heyətinin binasında müxtəlif mərtəbələr üzrə mətbəxlərə və sanitar qovşaqlarına qoyulub.

İl ərzində AMEA-nın Nəqliyyat şöbəsinə aid maşınların hamısı Akademiya tərəfindən təmir edilmiş, heç bir sürücünün bu işə bir manat da sərf etməsinə yol verilməyib.

Sosial şəbəkələrin “on üçüncü maaş” adlandırdıqları ilin sonunda verilən bir aylıq əməkhaqqı qədər sosial yardım üçün AMEA-nın 2025-ci ilin büdcəsində maliyyə vəsaiti nəzərdə tutulmayıb. Əməkdaşlara isə il ərzində altı dəfə bir aylıq əməkhaqqı miqdarında mükafatlar verilib.

AMEA Azad Həmkarlar Təşkilatı xətti ilə Yeni il şənlikləri üçün əməkdaşlara verilmək məqsədilə 750 ədəd şənlik bileti alınıb, qurumun saytında bu barədə məlumat verilib, arzu edənlərə həmin biletlər çatdırılıb.

AMEA qeyd edib ki, gerçəklik real şəkildə belə olduğu halda bəzi sosial şəbəkələrin bu qədər yanlış məlumatları ictimaiyyətə çatdırmaqda məqsədləri nədir?
Həmçinin əlavə edilib ki, yazılanlarda Akademiyada yaranmış sabitliyi və elmi mühiti pozmaq, onun nüfuzuna zərbə vurmaq, ictimaiyyəti çaşdırmaq, idarəçilərə qara yaxmaqdan başqa heç bir niyyət görünmür.