
“2023 cü ildə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib. Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.
Deputat söyləyib ki, bu önəmli tədbirin paytaxtımızda keçirilməsi dövlətimizin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasından irəli gəlir: “Regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacaq WUF13 çoxşaxəli müxtəlif istiqamətlərdə bir çox mərhələli tədbirlərdən ibarət olmaqla, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqlara və yeni fəaliyyətlərə səbəb olacaq. Artıq dövlət strukturları WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün səfərbər olublar. Artıq rəsmi hazırlıq mərhələsi uzun müddətdir ki, həm təşkilati, həm də logistik baxımdan davam edir. Bakı şəhəri bu qlobal platformaya ev sahibliyi etməyi strateji təşəbbüs kimi qəbul edib”.
M.Cəfərov qeyd edib ki, ümumiyyətlə, bu mötəbər platformaya ev sahibliyi etməsi ölkəmizin təşkilati gücünün və diplomatik çəkisinin göstəricisidir: “Belə tədbirlər dövlətin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini nümayiş etdirir. Uzun illərdir Azərbaycan bu proseslərdə kənar müşahidəçi kimi yox, təşəbbüs irəli sürən, gündəm formalaşdıran tərəf kimi çıxış edir”.
Onun sözlərinə görə, Forum müddətində təhsil proqramının axsamaması məqsədilə müvafiq dövlət qurumu tərəfindən strateji qərarlar qəbul edilib: “WUF13-ün keçiriləcəyi tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq tədbir müddətində dərslərin onlayn formata keçirilməsi şagirdlərin təhsil proqramından geri qalmasına imkan vermir. Ümumiyyətlə, müasir dövrdə rəqəmsal təhsil alətləri artıq alternativ deyil, tamamlayıcı mexanizm kimi çıxış edir. Distant tədrisə keçid həm texnoloji bacarıqların inkişafına, həm də təhsil sisteminin dayanıqlılığının gücləndirilməsinə töhfə verir. Onlayn təhsil və məsafədən iş rejimi şəhərdəki trafik yükünü 20-30 faiz azaldır ki, bu da beynəlxalq nümayəndə heyətlərinin hərəkəti üçün həlledici faktordur”.
Röya İsrafilova