“Rəqəmsal xidmətlər sahibkarların işini asanlaşdıracaq” Cəmiyyət

“Rəqəmsal xidmətlər sahibkarların işini asanlaşdıracaq”

“Dövlət qurumlarının fərdi portal və mobil tətbiqlərinin vahid rəqəmsal ekosistemə inteqrasiyası həm şəffaflığın artırılması, həm də vətəndaşların dövlət xidmətlərindən daha rahat istifadə etməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu iqtisadçı ekspert Günay Hüseynova Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, vahid rəqəmsal mühit sayəsində vətəndaşlar heç bir dövlət qurumuna getmədən müxtəlif sənədləri elektron şəkildə əldə edə, eləcə də zəruri prosedurlar üçün sistem üzərindən rahatlıqla müraciət edə bilirlər: “Ekspert qeyd edib ki, hazırda bir sıra platformalar vasitəsilə bu imkanlardan istifadə mümkün olsa da, digər dövlət xidmətlərinin də eyni ekosistemə inteqrasiyası istiqamətində işlər davam etdirilir”.

Günay Hüseynova xüsusilə biznes subyektləri üçün bu prosesin əhəmiyyətini vurğulayaraq bildirib ki, sahibkarların qarşılaşdığı bəzi problemlər hələ də tam aradan qaldırılmayıb: “Biznes nümayəndələri üçün vaxt ən vacib resurslardan biridir və hansısa sənədin əldə edilməsi və ya prosedurun tamamlanması üçün saatlarla növbə gözləmək, insan faktorundan qaynaqlanan maneələrlə üzləşmək həm vaxt itkisinə, həm də əlavə çətinliklərə səbəb olur. Rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi və bütün dövlət xidmətlərinin vahid ekosistemdə birləşdirilməsi sahibkarlıq mühitinin inkişafına müsbət təsir göstərəcək. Həm ölkədə sahibkarlıq subyektlərinin sayının artmasına, həm də öz biznesini qurmaq istəyən gənclərin işini asanlaşdıraraq onlara əlavə dəstək verəcək”.

Günel Elxan