“Rəqəmsallaşma çağırış prosesinin operativliyini artıracaq” Cəmiyyət

“Rəqəmsallaşma çağırış prosesinin operativliyini artıracaq”

“Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul edilən qərarlardan biri də səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışların rəqəmsal formada həyata keçirilməsi oldu. Yeni yanaşmaya əsasən çağırış prosesi dövlət informasiya sistemləri üzərindən aparılacaq və müvafiq şəxslər elektron qaydada vaxtında məlumatlandırılacaqlar”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı söyləyib.

A.Şuşalı qeyd edib ki, bu dəyişiklik ilk növbədə çağırış prosesinin şəffaflığının artırılmasına xidmət edir: “Rəqəmsal sistem vasitəsilə göndərilən bildirişlər qeydiyyata alınacaq, vətəndaşlar çağırışın tarixi, yeri və digər vacib məlumatları şəxsi elektron kabinetləri vasitəsilə izləyə biləcəklər. Bu isə məlumat itkisi, gecikmə və ya yanlış məlumatlandırma hallarının qarşısını almağa kömək edəcək. Eyni zamanda, elektron sistem bütün prosesin izlənilə bilən olmasını təmin edəcək. Hər bir əməliyyatın rəqəmsal izinin qalması qərarların və çağırışların daha şəffaf şəkildə idarə edilməsinə imkan verəcək. Bu, həm vətəndaşların dövlət xidmətlərinə inamını gücləndirəcək, həm də insan amilindən qaynaqlanan riskləri minimuma endirəcək”.

Ekspertin fikirlərinə görə, rəqəmsallaşma çağırış prosesinin operativliyini də artıracaq: “Bildirişlərin qısa müddətdə çatdırılması, məlumatların avtomatik emalı və dövlət qurumları arasında inteqrasiya olunmuş informasiya mübadiləsi vaxt itkisinin qarşısını alacaq. Nəticədə həm vətəndaşlar, həm də aidiyyəti qurumlar üçün daha səmərəli idarəetmə modeli formalaşacaq. Bundan əlavə, çağırışların dövlət informasiya sistemləri üzərindən aparılması vahid məlumat bazasının yaradılmasına və məlumatların daha dəqiq idarə edilməsinə şərait yaradacaq. Bu yanaşma prosesin qanunvericiliyə uyğun aparılmasına nəzarəti də asanlaşdıracaq”.

O həmçinin bildirib ki, səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal platformalar üzərindən həyata keçirilməsi şəffaflığın, operativliyin və hesabatlılığın artırılması istiqamətində mühüm addım hesab olunur: “Bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması siyasətinin tərkib hissəsi olmaqla yanaşı, vətəndaşlara daha rahat, əlçatan və etibarlı xidmət göstərilməsinə də töhfə verəcək”.

Röya İsrafilova