“Doğum səviyyəsinin azalması kompleks səbəblərlə bağlıdır” Cəmiyyət

“Doğum səviyyəsinin azalması kompleks səbəblərlə bağlıdır”

“Azərbaycanda doğum səviyyəsinə təsir edən amillər kompleks xarakter daşıyır və bu, təkcə bir səbəblə izah oluna bilməz”.

Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Xalqcəbhəsi.az-a açıqlaması zamanı iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Ekspert bildirib ki, əhalinin sayının sürətlə artması hər zaman üstünlük hesab edilə bilməz: “Dünyanın bəzi ölkələrinin təcrübəsi göstərir ki, əsas məsələ əhalinin sayının çoxluğu deyil, insan kapitalının keyfiyyətidir.
Doğum səviyyəsinin azalması 2026-cı ildə verilən qərarın nəticəsi deyil, uzun illər ərzində formalaşan iqtisadi və sosial-demoqrafik proseslərin təsiridir.
Əsas səbəblərdən biri yaşayış xərclərinin sürətlə artmasıdır. Yüksək inflyasiya ailələrin gündəlik xərclərini artırır, lakin gəlirlərin artımı inflyasiyanın tempini tam kompensasiya etmir. Bu da ailələrin uşaq sahibi olmaq qərarına birbaşa təsir göstərir”.

İqtisadçı bildirib ki, mənzil problemi də mühüm amillər sırasındadır: “Ev qiymətlərinin, kirayə haqlarının və ipoteka ödənişlərinin yüksək olması gənc ailələrin mənzil təminatını çətinləşdirir və çoxuşaqlı ailə qurmaq imkanlarını məhdudlaşdırır”.

Xalid Kərimli əmək bazarında qeyri-müəyyənliyin də mühüm rol oynadığını vurğulayıb:

“İnsanlar sabah işlərinin olub-olmayacağına tam əmin deyillər. Belə şəraitdə uzunmüddətli məsuliyyət tələb edən qərarların verilməsi çətinləşir. Uşaq böyütməyin xərcləri də ildən-ilə artır. Buraya yalnız qidalanma deyil, keyfiyyətli təhsil, xarici dil hazırlığı, müxtəlif məşğələlər və səhiyyə xidmətləri də daxildir.
Doğum səviyyəsinə təsir edən amillər arasında sosial-demoqrafik dəyişikliklər də xüsusi yer tutur. Əvvəllər qadınlar daha erkən yaşda ailə qururdular. İndi isə təhsil və karyera prioritetə çevrildiyi üçün ailə qurma yaşı yüksəlib. Bu da təbii olaraq çoxuşaqlı ailələrin sayına təsir göstərən əsas amillərdən biridir”.

Günel Elxan