
44 günlük haqq savaşımız başlanan kimi minlərlə qeyrətli oğul silaha sarılıb 30 il əsir düşən, vətənimizin müqəddəs bir parçası olan Qarabağımızın azadlığı naminə ölümün gözünə dik baxa-baxa odun-alovun içinə atılıblar. Nəticədə onların bu şərəfli mübarizə yolunda göstərdikləri misilsiz şücaəti, qanı, canı bahasına xalqımız şanlı zəfər qazanıb. Son nəfəsinə qədər igidliklə, cəsarətlə vuruşaraq qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən belə oğullardan biri İsmayıl Qədirlidir.
Adı çəkiləndə bütün Azərbaycan xalqının qürur duyduğu İsmayıl Elçin oğlu Qədirli 1998-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Vətəninə, torpağına sevdalı boya-başa çatan İsmayil orta məktəbi bitirəndə əsl övlad məhəbbəti ilə sevilib, el-obada ona dərin ehtiram göstərilib. Həmçinin uşaq yaşlardan taekvando idman növünə marağı, qatıldığı yarışlarda uğur qazanması ona hörmət qazandırıb. Sonralar ayağında yaranan problemə görə idmanı davam etdirə bilməyib.
İlk gündən həyat yolunu xoş arzular üzrə quran İsmayıl Qədirli Vətəninə, xalqına fayda verməyi özünə əsas məqsəd bilib. Qaldı ki, yağı düşmənin ulu yurd yerimiz-Qarabağ torpaqlarının işğal etməsi onu çox narahat edibdir. Hər şeyi kənara qoyub cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durmağı ən vacib məsələ sayıb. Ordu sıralarına yola düşəndə Vətənə vicdanla, qeyrətlə xidmət edəcəyinə, erməni işğaıçılarına qarşı amansız olacağına and içib.
Köksündə əsl qəhrəman ürəyi döyünən, düşmən tapdağında olan müqəddəs Qarabağın azad edilməsi uğrunda alışıb-yanan İsmayıl Qədirli cəbhə bölgəsində əyninə hərbi forma geyinib və əlinə silah götürüb. Qısa zaman kəsiyində son dərəcə mərd, cəsur, ağıllı bir gənc kimi əsgərlərin, zabitlərin sevimlisi olubdur. Cəbhənin hansı istiqamətində olursa-olsun, döyüş igidliyinə görə fərqlənib. Vətən, torpaq uğrunda hər an canından-qanından keçməyə hazır olan İsmayılın əsgərlik həyatının günləri fədakarlıqla, qürur, heyrət doğuran məqamlarla ötüb. Həmçinin düşməndən öc alacağı günü gözləyən İsmayıl keçirilən müxtəlif təlimlərə həvəslə qatılıb, ən çətin sınaqlardan uğurla çıxıb və hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnib.
İsmayıl Qədirli müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, evinə dönüb. Xoş güzəran naminə halal zəhmətdən yapışıb, amma yağıdan alacağı öcə həmişə hazır olub. Təcavüzkar düşməni məhv edib Vətən torpaqlarının azadlığını düşünüb və bu müqəddəs yolda başlayacaq döyüşlərin ön sıralarında vuruşmağı arzulayıb, o anı səbirsizliklə gözləyib.
Nəhayət, İsmayılın gözlədiyi gün gəlib çatıb. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb. Adını könüllülər siyahısına yazdırıb, oktyabrın 9-da cəbhəyə yola düşüb. Qaynar nöqtələrdə əsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşub. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır savaşlardan yağıya ciddi itkilər verməklə zəfərlə çıxıb. Necə deyərlər, silahının hədəfinə tuş gələn işğalçıları məhv edə-edə böyük inamla qələbəyə doğru addımlayıb. Ən çox Cəbrayıl, Qubadlı, Füzuli, Xocavənd uğrunda gedən ölüm-dirim savaşında dığalara qan uddurub. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında ürəyi düşmən gülləsinə tuş gəlib və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümsüzlüyə qovuşan İsmayıl 28 oktyabrda Biləsuvar şəhərində canından artıq sevdiyi torpağın sinəsinə baş qoyub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın və Füzulinin azadlığına görə medallarla təltif olunub.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü