Zənganın 170 kəndində insanlar içməli su tapmır Güney Azərbaycan

Zənganın 170 kəndində insanlar içməli su tapmır

Zəngan kəndlərində içməli su problemi həll edilməmiş qalır. Bununla bağlı verilən vədlərin heç biri özünü doğrultmayıb.

Bölgədə 170 kəndin əhalisinin içməli suya olan tələbatı səyyar tankerlər vasitəsilə ödənilir.

Bu barədə Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Cüz Qasimi bildirib. Onun sözlərinə görə, başçılıq etdiyi şirkətin nəzarəti altında olan kəndlərdə 301 min 640 nəfər yaşayır.

O, əyalətin içməli su qıtlığından əziyyət çəkən 170 kəndindən 12-ə səyyar su tankerləri vasitəsilə su çatdırıldığını deyib.

Başçının sözlərinə görə, başqa kəndlərin içməli su probleminin həlli üçün 94 yeni layihə üzərində iş gedir.

Əlirza Cüz Qasimi bildirib ki, Zəngan kəndlilərinin içməli suya olan tələbatının 240 ənənəvi üsulla inşa edilmiş su kəməri, 364 quyu və 158 bulaq vasitəsilə təmin edilir.

O, Su və Kanalizasiya Şirkətinin 111 min 964 abonentə xidmət göstərdiyini qeyd edib.

Əlirza Cüz Qasimi başqa məsullar kimi mövcud olan su qıtlığını quraqlıqla, yağıntıların azlığı və istifadəçilərin sudan istifadədə zamanı israfçılığa yol vermələri ilə izah edib.

Bundan öncə iyulun 17-də Əlirza Cüz Qasimi ən çox içməli su qıtlığının Zəngan və Mahnişan kəndlərində yaşandığını bildirmişdi. O, ötən ilin eyni dövrü ilə müqayisədə bölgədə yağıntılar 52% azaldığını və bunun su qıtlığının yaranmasında əhəmiyyətli rol oynadığını demişdi.

Zəngan əyalətinin Regional Su Şirkətinin rəhbəri İsmail Əfşari isə əyalətin su təminatında mühüm rol oynayan “Təhəm” su anbarının 50%-nın boş olduğunu bildirib.

Onun sözlərinə görə, Zəngan şəhərinin içməli su təminatında böyük rol oynayan və ətraf bölgələrin kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə olunan "Təhəm" anbarında suyun azalması ciddi fəsadlar törədəcək.

Bir neçə gün bundan öncə İsmayıl Əfşari “İrna” xəbər agentliyinə verdiyi müsahibədə ötən ilin müvafiq dövründə Zənganın su bəndlərinə axan suyun 223 milyon kubmetr olduğunu, bu il bunun 76 milyon kübmetrə qədər azaldığını bildirib.

Regional Su Şirkətinin başçısı bu azalmanın 20 milyon kubmetrinin Zəngan şəhərinin içməli suyunun 40%-ı təmin edən “Təhəm” bəndinə aid olduğunu və bununla da Zənganda içməli su probleminin yaşanacağını qeyd edib.

İ.Əfşari cari ildə “Təhəm” anbarına axan su miqdarının 7.8 milyon kubmetr olduğunu, bunu ötən ildə 26 milyon kubmetrə təşkil etdiyini və bununlada ötən illə müqayisədə 18.2 milyon kubmetr azalmanın qeydə alındığını açıqlayıb.

Gunaz.tv