Orta məktəb dərsliyində qəribə iddia: “İran koronavirusla mübarizədə lider ölkədir” Güney Azərbaycan

Orta məktəb dərsliyində qəribə iddia: “İran koronavirusla mübarizədə lider ölkədir”

İranda koronovirus infeksiyasının yayılması ilə bağlı epidemioloji vəziyyət getdikcə pisləşir. Lakin hökumət virusa qarşı mübarizədə özünü "lider ölkələrdən biri" kimi qələmə verməyə çalışır.

9-cu sinif dərsliyində İran təbabəti "analoqsuz səhiyyə xidməti" kimi təqdim olunur.

Bu barədə sosial mediada məlumat yayılıb. Yayılan fotolardan aydın olur ki, yeni təhsil ili üçün nəzərdə tutulmuş 9-cu sinifin “Sosial araşdırmalar” kitabında qərb ölkələrinin COVİD-19-a qarşı mübarizədə uğursuz olduğu yazılıb.

“İnkişaf etmiş səhiyyə imkanları, avadanlıqları və ixtisaslaşmış, şəfqətli və çalışqan tibb işçiləri ilə İran İslam Respublikası koronavirus xəstəliyinin müalicəsində dünyanın ən qabaqcıl ölkələrindən biri ola bildi.

Bu, bəzi qərb ölkələrində yaşlı xəstələrin qəbulu və müalicəsinin belə rədd edildiyi bir şəraitdə baş verdi”-deyə, dərslikdə yazılıb.

Məsələyə münasibət bildirən tanınmış jurnalist Abbas Əbdi hökumətin bu iddiasını tənqid edib.

“Öz gözümüzlə gördüyümüz, yaşadığımız tarixi bizə belə tərsinə qələmə verirlər, indi düşünün ki, yaşamadığımız və görmədiyimiz tarixi gör necə təhrif ediblər”-deyə, Abbas Əbdi bildirib.

Qeyd edək ki, təhsil ilinin başlamasına bir ay qalmasına baxmayaraq, İranda vaksinasiya prosesinin həddindən artıq yavaş gedir.

Koronavirusun beşinci ştammı “Delta” virusunun sürətlə yayılması səbəbindən məktəblərin vaxtında açılacağı gözlənilmir.

Bununla bağlı Təhsil Nazirliyinin rəsmiləri açıqlama verib və təhsil ilinin bir neçə ay gec başlaya biləcəyini qeyd ediblər.

Qeyd edək ki, avqustun 18-də İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin bildirdiyinə görə, son sutkada ölkə üzrə daha 583 nəfər koronavirus səbəbindən vəfat edib, 39174 nəfər isə virusa yoluxub.

Pandemiyanın başlamasından bu gün kimi İranda 4,556,417 nəfər koronavirusa yoluxub. Onlardan 99691 nəfəri dünyasını dəyişib.
Hal-hazırda ölkənin əksər şəhərləri epidemioloji duruma görə yüksək təhlükəli qırmızı zona elan edilib.

Gunaz.tv