Fransalı jandarmlar Qətərdə futbol üzrə dünya çempionatının təhlükəsizliyini təmin edəcək İdman

Fransalı jandarmlar Qətərdə futbol üzrə dünya çempionatının təhlükəsizliyini təmin edəcək

Fransanın 220-yə yaxın polisi Futbol üzrə 2022-ci il dünya çempionatının təşkilində yerli hakimiyyət orqanlarına dəstək olmaq üçün ayın sonunda Qətərə yollanacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Fransanın Daxili İşlər Nazirliyi açıqlamasında bildirib.

Məlumatda qeyd olunub ki, Fransa polisi yüksək səviyyəli ekspertiza və ixtisaslaşmış əməliyyat dəstəyi təmin etmək, xüsusilə pilotsuz uçuş aparatları ilə mübarizə, partlayıcı qurğuların zərərsizləşdirilməsi və xuliqanlıqla mübarizə üzrə misiyalar yerinə yetirəcək.

Xatırladaq ki, Türkiyə parlamenti oktyabrın 5-də Qətərdə “Dünya Kubokunun Qalxanı” əməliyyatı çərçivəsində ölkənin hərbi kontingentinin altı aylıq missiyası haqqında qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi Türkiyə ordusunun noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə cəlb olunmasını nəzərdə tutur. Qətər hakimiyyətinin Türkiyəyə müraciəti əsasında həyata keçiriləcək missiyada iştirak edəcək hərbi kontingentin sayı göstərilmir.