Fabio Kapellodan Türkiyə futboluna tərif İdman

Fabio Kapellodan Türkiyə futboluna tərif

Dünya futbolunun əfsanəvi baş məşqçilərindən Fabio Kapello qarşıdan gələn Dünya Çempionatı öncəsi TRT Sporun İtaliya müxbiri Dündar Keşaplıya xüsusi açıqlamalar verib.

Türk futbolunun son illərdə mühüm yüksəliş yaşadığını deyən təcrübəli mütəxəssis Hakan Çalhanoğlu, Kenan Yıldız, Arda Güler və Vincenzo Montella haqqında diqqətçəkən fikirlər səsləndirib. Kapello bildirib ki, Türkiyə gənc, istedadlı və dinamik nəsilə sahibdir və Milli Komanda Avropa futbolunda getdikcə daha güclü mövqeyə yüksəlir.

Təcrübəli məşqçi İnterin mövsümdəki performansını şərh edərək komandanın çətin dövrləri aşmasında texniki heyətin və komanda ruhunun böyük rol oynadığını söyləyib: “İnter üçün çox yaxşı mövsüm keçdi. Napolinin xal itkiləri də buna təsir etdi. Komandanın yaşadığı çətinliklərdən sonra yenidən ayağa qalxması asan deyildi. Xüsusilə Paris Saint-Germainə qarşı Çempionlar Liqası finalında məğlub olduqdan sonra futbolçuların psixoloji baxımdan toparlanması lazım idi. Texniki heyət burada yalnız taktiki baxımdan deyil, oyunçuların psixologiyasını yenidən qurmaq məsələsində də çox uğurlu oldu”.

Kapello Hakan Çalhanoğlu barədə isə deyib: “Məncə Hakan Çalhanoğlu İnterin ən vacib oyunçusudur. Eyni zamanda, o, Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biridir”.

Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella haqqında ayrıca danışan Kapello italyan məşqçinin Türkiyə ilə önəmli uğurlara imza atacağını deyib: “Montellanın çox uğurlu olmasını arzulayıram. Avropa çempionatı zamanı Türkiyəni yaxından izlədim. Onsuz da yaxşı komanda idi, indi isə daha çox təcrübə qazanıb. Almaniyadakı turnirdə də çox yaxşı çıxış etdiniz. Türkiyə millisi çox təhlükəli komandaya çevrilə bilər. Sadəcə güclü deyil, bütün rəqiblərinə ciddi problemlər yarada biləcək komandaya çevrilir”.

Kapello Kenan Yıldız haqqında da böyük ümidlə danışıb: “Kenan çox önəmli istedaddır. Fərq yaradan oyunçudur, amma hələ inkişaf etməlidir. Yuventusda ondan böyük gözləntilər var. Mən Kenanın Yuventus üçün yeni bir Del Piero olmasını gözləyirəm”.

O, Arda Güler barədə isə bunları deyib: “Arda Gülerin hələ yetişməsi lazımdır. Real Madriddə oynamaq çox çətindir. Orada gözləntilər həmişə yüksək olur. Buna görə də öz təbii oyununu meydanda göstərmək asan deyil. Daha çox çalışması lazımdır”.

Türkiyə futbolunun yüksəlişinə diqqət çəkən Kapello vurğulayıb ki, Türkiyə yaxın illərdə Avropa və dünya futbolunda daha güclü mövqeyə sahib olacaq.