Fan-klub rəhbəri: “Neftçi”də günahsız adam yoxdur, elə bil uşaq bağçasıdır” İdman

Fan-klub rəhbəri: “Neftçi”də günahsız adam yoxdur, elə bil uşaq bağçasıdır”

“Komandanın cari mövsümdəki nəticələrindən narazıyıq. Bu vəziyyətə gəlməyinin səbəbkarı da klubda olan hər bir kəsdir”.

Bunu apasport.az saytına açıqlamasında “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev “Neftçi”nin Premyer Liqadakı uğursuz çıxışına münasibət bildirərkən deyib.
“Ağ-qaralar”ın çılğın fanatlarından olan Əliyev XI turda “Sabah”a 1:2 hesablı məğlubiyyətə görə etirazını bildirib: “Neftçi”ni hamısından çox sevirik. Komanda gücünə uyğun nəticə göstərsə, biz də sevinərik, bağrımıza basarıq. “Qarabağ”a 0:4 hesablı məğlubiyyətdən sonrakı iki matçda da rəqiblər komandanı uddular. Elə bil “Neftçi” uşaq bağçasıdır, istənilən komandaya uduzur. Bəlkə düşünürlər ki, bu uğursuzluqlara görə azarkeşlər təzyiq göstərməyəcək. Amma o dövr qapanıb, azarkeşin də səbrinin həddi var. Azərbaycan futbolunu, onsuz da, pis günə qoyublar, nəticə yoxdur. Üstəlik, klublarımızı da məhv edirlər. Biz də artıq boğaza yığılmışıq. Bu yolda öldü var, döndü yoxdur. Biz də insanıq. “Neftçi”nin hər bir şəraiti var. Biz yalnız nəticə tələb edirik. Öz yerimizdə komandanı dəstəkləyirik, kiməsə qarşı artıq fikir səsləndirmirik, qayda-qanunu pozmuruq. Nəticə olmadıqda da etirazımızı bildirmək haqqımızdır”.

Qarşılaşmadan sonra “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovla bir azarkeşi arasında yaşanan qalmaqala da aydınlıq gətirən fan-klub rəhbəri futbolçunu sərt şəkildə tənqid edib və rəhbərlik qarşısında şərt qoyub: “Sən kimsən ki, azarkeşə cavab qaytarırsan? Orada heç söyüş də söyülməyib. “Sabah”ın futbolçusu yerdə uzananda ona etiraz edildi. Mirabdulla öz üstünə götürür, əllə də işarə edir. Bizə nə edə bilərsən? Bizim üçün Mirabdulla Abbasov adlı futbolçu yoxdur, ölüb. Rəhbərlikdən tələbimiz odur ki, onu komandadan göndərsin. İstənilən halda bizim üçün onun varlığı ilə yoxluğunun heç bir fərqi yoxdur. Rəhbərlik onu göndərməlidir ki, sabah da azarkeş onların hansısa məsələdə fikrini dəstəkləsin. Birinci yarının sonuna 3 tur qalıb. Ən geci yanvarda Mirabdullanın klubdan uzaqlaşdırılmasını tələb edirik. Mirabdullanın üstündə çox böyük əziyyətimiz var. Ona haqqımızı halal eləmirik. Mamadu Kane “Neftçi”də icarə əsasında oynadığı halda matçdan sonra azarkeşin qarşısında diz çökərək üzr istədi. Bu hərəkətlə alçalmadı, əksinə, hamının gözündə ucaldı. Bizimkilər elə düşünürlər ki, belə də olmalıdır”.

Əliyev çempionatın son 3 oyunundakı yenilginin əsas səbəbkarı kimi baş məşqçi Samir Abasovu görür: “Neftçi”nin prezidenti Kamran Quliyevlə də, digər rəsmi şəxslərlə də mütəmadi görüşürük, sözümüzü deyirik. Komandanın uğursuz çıxışında rəhbərliyin də, məşqçilərin də, futbolçuların da günahı var. “Neftçi”də günahsız adam yoxdur. Faiz etibarilə ən böyük günah baş məşqçi Samir Abasovdadır. Çünki çempion olanda dəfələrlə deyirdi ki, komanda mənimdir. Ər meydanıdır, gücünü indi göstər. Əsas çempionluq yox, onu saxlamaqdır. Gətirdiyi oyunçuların heç biri “Neftçi” adına layiq deyil. Rəhbərliyə, baş məşqçiyə sözümüzü deyiriksə, bu o demək deyil ki, futbolçu istədiyi kimi keflə çıxıb oynamalıdır. Ən böyük təzyiqi onlara göstərəcəyik”.

O, paytaxt təmsilçisini qəsdən zəif oynamaqda ittiham edib: “Kimlərinsə arası yoxdursa, orada “torba tikmə” əməliyyatı olmamalıdır. Artıq kifayətdir. Qeyrətlə, kişi kimi futbolunuzu oynayın ki, azarkeş də evinizə apardığınız çörəyi sizə halal eləsin. Klubun illərdir fanatıyıq. Dəfələrlə “torba tikmə” əməliyyatları görmüşük. Ötən mövsüm “Qarabağ”la oyunun nəticəsini yada salın. “Neftçi” “Qarabağ”a heç vaxt 0:6 hesabı ilə uduzmaz, mümkün deyil. Bu hal birinci dəfə deyil. “Qəbələ”yə də 0:8 hesabı ilə uduzmuşdu. 20 ildən çoxdur tribunalarda saçımızı ağartmışıq, ömrümüzü qoymuşuq, həbsdə yatmışıq “Neftçi” üçün. Övladımızın boğazından kəsib səfərlərə xərcləmişik. Dəfələrlə döyülmüşük, nə qədər əzab veriblər. Amma yenə də bu sevdadan əl çəkməmişik. Kimsə deyə bilməz ki, “Neftçi”ni sizdən çox istəyirik. Komanda bu gün belə futbol oynamamalıdır, “Keşlə”dən, “Sabah”dan zəif ola bilməz”.

Qeyd edək ki, “Neftçi” 11 turdan sonra 17 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.