"Kreml Paşinyanın ipini əldən verməyir" Dünya

"Kreml Paşinyanın ipini əldən verməyir"

İlk öncə qeyd edim ki, Qafqazlarda söz sahibi Rusiyadır. Avropa İttifaqı iki konflikt tərəfi arasında vasitəçilik missiyası yaratmaq istəsə də bu konstruktiv olmadı. Səbəbi aydındır. Ermənistan Rusiyanın kaloniyasıdır və Rusiyanın rəqiblərinin təhrikinə gedərək yanlış addım atmaqdan qorxur.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elman Vəliyev deyib.

O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, delimitasiya və demarkasiya məsələləri Kremlin əli ilə mümkündür:
"Brüssel görüşündən sonra üç tərəfin xarici işlər nazirləri görüş keçirdi. Bu görüşdə delimitasiya və demarkasiyanın həll edilməsi üçün işçi qrupunun yaradılması qərarı verildi. Azərbaycan tərəfinin işçi qrupu hazır vəziyyətdədir. Ermənistan tərəfi də öz işçi qrupunun yaradılmasına başlayıb və ayın axrına kimi bu prosesdə irəliləyiş əldə olunacaq.

Brüssel görüşündə Şarl Mişel hər iki tərəfdən razılıq əldə etmişdi ki, aprelin 29-da yenidən görüş keçirilsin və sülh üçün mühüm qərar versin. Lakin Ermənistan tərəfi bunu ləğv elədi. Ləğvdən əvvəl Paşinyanla Putinin danışığı olmuşdur. Əminəm ki, bu ləğvin səbəbkarı Kreml idi. Sonra Paşinyan Moskvaya Putinlə görüşə getdi. Yəni, Kreml Paşinyanın ipini əldən verməyir".

Politoloq deyib ki, son zamanlar İrəvanda Paşinyana qarşı etiraz aksiyaları intensivləşib. Bu aksiyalara Kremldə əlaltından dəstək verməkdədir: "Kreml Paşinyanın qələmini mütləq qıracaq, amma indi xarici siyasət oriyentasiyasında bir xeyli boşluqlar yaranıb. Qərbin Ermənistana dəstəyi həm onun lobbiçilik fəaliyyəti ilə bağlıdır, həm də Ermənistanı Rusiyanın pəncəsindən xilas etmək səylərindən qaynaqlanır. Lakin Qərbin bu mövqedə uğurlu olacağı fikri qeyri-realdır.

Əvvəl, axır Ermənistan sülh müqaviləsini imzalayacaq. Ermənistanla Türkiyə əlaqələri də müsbət kontekstdə irəliləməkdədir. Ola bilməz ki, Ermənistan Türkiyə ilə münasibətləri nizamlasın, ancaq Azərbaycanla yenidən intriqaya girsin. Paşinyanla İlham Əliyevin yeni bir görüşünü də istisna etmirəm. Bu görüş həlledici görüşlərdən biri ola bilər və vasitəçi tərəf Kremlə məxsus olacaq".

Cavid