“Zelenskinin Kremlin nüvə planı haqqında məlumatı var” Dünya

“Zelenskinin Kremlin nüvə planı haqqında məlumatı var”

“Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib. Plan hazırdır. Ukrayna prezidenti Volodimir Zelenskinin Kremlin bu planı haqqında məlumatı var”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib: “ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək. Bu nüvə müharibəsinə yol açacaq.
Maraqlıdır, Rusiya Ukrayna və Qərb dünyasıyla ölüm-dirim savaşına başlayarsa, taktiki nüvə silahları havada uçuşarsa Kreml Qarabağdakı hərbçilərini geri çəkərmi? Ümumiyyətlə Rusiya səfərbərliyi həyata keçirməkdə çətinlik çəkdiyi halda Kremlin Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var. Doğrudur, Kreml hərbçiləri vasitəsilə Qarabağda varlığını qorumağa çalışır. Ancaq hazırda Rusiyanın taleyi Ukraynada həll olunur. Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik. Bu variant istisna deyil”.