İranda Krım-Konqo hemorragik qızdırmasına yoluxanlar artır: Ölən var Dünya

İranda Krım-Konqo hemorragik qızdırmasına yoluxanlar artır: Ölən var

20 martdan bəri İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Krım-Konqo hemorragik qızdırmasına 6 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin rəsmisi Məhəmməd Rza Şirzadi deyib.

Onun sözlərinə görə, Krım-Konqo hemorragik qızdırmasına yoluxanlardan biri ölüb. Nazirlik rəsmisi bildirib ki, yoluxma heyvanın kəsilməsi və ətinin doğranması zamanı baş verib.
Şirzadi bildirib ki, bu xəstəliyin virusuna yoluxmanın əlamətləri 2 həftə sonra özünü göstərir və adətən yüksək hərarətlə müşahidə olunur. Şirzadi ötən İran ilində (21 mart 2023 -20 mart 2024) İranda Krım-Konqo hemorragik qızdırmasına 77 nəfərin yoluxduğunu qeyd edib.

Qeyd edək ki, Krım-Konqo hemorragik qızdırma virusu heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan-insana keçə bilər. Bu səbəbdən İranda həyətlərdə və ictimai məkanlarda heyvan kəsimi tövsiyə olunmur. Heyvanlar sadəcə sallaqxanalarda xüsusi nəzarət altında kəsilməli və ət ən azı 1 sutka soyuducuda mənfi 4 dərəcədə saxlanılmalıdır.