Türkiyədə İŞİD və PKK ilə əlaqəli olan 200-ə yaxın şəxs saxlanılıb Dünya

Türkiyədə İŞİD və PKK ilə əlaqəli olan 200-ə yaxın şəxs saxlanılıb

Türkiyə polisi və jandarmeriya qüvvələri ölkənin 40 vilayətində əməliyyat keçirib, nəticədə “İslam Dövləti” (İŞİD) və PKK terror qruplaşmalarının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Təhlükəsizlik Baş İdarəsinin kəşfiyyat idarəsi və terrorla mübarizə şöbəsinin birgə səyi nəticəsində ölkənin 6 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib. A.Yerlikaya qeyd edib ki, Adana, Aydın, Çorum, Qaziantep, Kayseri və Mersin vilayətlərində 38 şübhəli bilinən şəxs saxlanılıb, külli miqdarda rəqəmsal materiallar və xeyli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.
Nazir əlavə edib ki, Ankara, Antalya, İzmir, İstanbul və ölkənin şərq və cənub-şərqindəki bölgələr də daxil olmaqla 34 əyalətdə PKK-ya qarşı reydlər keçirilib. O bildirib ki, bu əməliyyatlar Baş Prokurorluq, Jandarmeriya Baş İdarəsi və Təhlükəsizlik Baş İdarəsi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib və PKK terror təşkilatına yardım və ya iştirakda şübhəli bilinən 147 nəfər saxlanılıb.