

Turab Rzayev: “Hindistanın hava sahəsində atdığı addımları öncədən görə bilirlər”
“Bu müharibədə say texnologiya ilə yarışır. Pakistan tərəfi müharibədən yayınmağa çalışır. Hindistan bütün silah növləri üzrə ən azı 2 və ya 3 dəfə irəlidədir. Pakistan tərəfi bunu aradan qaldırmaq üçün nüvə texnologiyalarını, ballistik raket və sualtı qayıqları və dron texnologiyasını inkişaf etdirib”.
“Xalq Cəbhəsi” xəbər verir ki, bunu politoloq Turab Rzayev deyib.
T.Rzayev “hələlik bəlli olan budur ki, Pakistan Hindistan hava sahəsində hava hədəflərini dəqiqliklə izləyə və məhv edə bilir”,-deyə əlavə edib: “Bu Pakistan tərəfinin C4ISR (Command, Control, Communications, Computers, Intelligence, Surveillance, və Reconnaissance) qabiliyyətlərinin Hindistandan daha üstün olması deməkdir. Pakistan üçün hava sahəsi daha şəffafdır. Onlar Hindistanın hava sahəsində atdığı addımları öncədən görə bilirlər.
Bu qabiliyyət şəbəkə mərkəzli müharibələr üçün çox əhəmiyyətlidir. Burda məsələ Pakistanın fərdi silah sistemlərindən yox, Pakistanın ümumi hava müharibəsi sistemlərindən və onların Hindistan ilə müqayisəsindən gedir.
Görünür ki, Pakistanın Çin və Türkiyə ilə apardığı PUA və şəbəkə mərkəzli müharibə texnologiyaları mübadiləsi Hindistanın ABŞ və İsrail ilə apardığı mübadilələrdən daha real və daha effektiv nəticələr ortaya qoyur.
Türkiyənin Koral hava müdafiə sistemlərinin də Pakistan hava sahəsinin müdafiəsinə inteqrasiya edildiyi ilə bağlı məlumatlar mövcuddur”.