“Terrorsuz Türkiyə” üçün yol xəritəsi bəlli oldu Dünya

“Terrorsuz Türkiyə” üçün yol xəritəsi bəlli oldu

Terror təşkilatı PKK-nın ləğv edilməsi qərarından sonra insanlar terrorçuların silahlarını necə yerə qoyacaqlarını və prosesin necə işləyəcəyini düşünməyə başlayıblar. Xalqcəbhəsi.az Türkiyə mətuatına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələri Terrorsuz Türkiyə hədəfinə uyğun olaraq bölgədə uzunmüddətli təsirlər yaradacaq prosesin 5 mərhələli plan çərçivəsində həyata keçirildiyini və bu yanaşmanın qətiyyətlə davam etdirildiyini bildirib.
Terrorsuz Türkiyə prosesində kritik hədd keçilib və terror təşkilatı ləğv edildiyini və silahı yerə qoyacağını açıqlayıb.
Silahların təslimi üçün terrorçuların yerləşdiyi ölkələrdə, yəni Türkiyə, İraq, Suriya və İranda ayrıca mexanizmlər işə salınacaq.
Mənbələr prosesin beş mərhələdən ibarət olduğunu və hazırda üçüncü mərhələdə olduğunu deyib.
“Terrorsuz Türkiyə” prosesi beş mərhələdə planlaşdırılıb
Kəşfiyyat mənbələrinə görə birinci mərhələ Prezident Rəcəb Tayyib Ərdoğanın Ahlatda “daxili cəbhəni gücləndirək” çağırışı ilə başlayıb, Baxçalının çağırışı ilə yekunlaşıb.
İkinci mərhələ İmralının çağırışı, Dem Partiyasının səfərləri və terror təşkilatı PKK-nın ləğvi ilə bağlı qərardır.
Tərksilah prosesi isə üçüncü mərhələ kimi müəyyən edilir.
Silahlar necə buraxılacaq?
Əldə edilən məlumata görə, terror təşkilatını silahları yerə qoyması üçün İraq, İran, Suriya və Türkiyədə həmin bölgənin strukturundan və logistikasından asılı olaraq fərqli mexanizmlər yaradılacaq.
Dörd ölkədə 8-10 min terrorçunun olduğu bildirilir.
İraqda hökumətlə aparılan danışıqlar çərçivəsində Qəndil, Metina və Zap boşaldılacaq və silahlar götürüləcək.
Suriyada nə olacaq?
Suriyada Dəməşq rejimi ilə YPG arasında 8 maddəlik razılaşmanın həyata keçirilməsi istənilir.
Terrorçuların silahlarını yerə qoyaraq Suriya ordusuna qatılacağı gözlənilir.
Mənbələr “Onların silahlı struktur olaraq qalması və muxtariyyət tələblərinin qəbul ediləcəyi ehtimalı yoxdur” deyə qeyd edirlər.
Diqqətlə idarə olunan bu prosesdə Dəməşq rəhbərliyi ilə birlikdə hərəkət ediləcək.
İranın regionda bu ləğvetmə prosesinə dəstək verməsinin vacib olduğu vurğulanır.
Türkiyədə isə 50-100 PKK terrorçusunun olduğu təxmin edilir.
Bu məqsədlər üçün Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat birlikləri koordinasiyalı şəkildə çalışacaq.
Terror təşkilatının üst heyəti hara gedəcək?
30-50 nəfərdən ibarət üst səviyyəli heyət İraqda qala və ya Avropaya gedə bilər.
Ümumi gözlənti onların Süleymaniyyədə qalacaqları yönündədir.
“Dörd aya başa çatdırılması hədəflənir”
Mənbələr "Dəqiq tarix vermək düzgün deyil, lakin bu mərhələnin dörd aya başa çatdırılması nəzərdə tutulur" deyə bildirib.
Silahsızlaşdırılma prosesi zamanı Milli Kə.fiyyat Təşkilatı (MİT) sahədəki vəziyyəti yoxlayacaq. O, prezidentə hesabat təqdim edəcək.
Proses necə irəliləyəcək?
Proses “Hər bir müsbət addım yeni addımlara yol açacaq” məntiqi ilə davam edəcək.
Üçüncü mərhələ müsbət davam edərsə, eyni vaxtda bəzi addımlar atıla bilər.
Hazırlıqları davam etdirilən icra qanunu dəyişikliyi bu mərhələdə önəmli olacaq.
Xəstə və yaşlı məhbusların həbsxanadan çıxarılması, qəyyumluq qərarlarının müstəsna vəziyyətə salınması, Öcalanın vəkillərinin, ailəsinin və ziyarətçilərinin İmralıya gedə bilmələri diqqət mərkəzində saxlanılır.
Daha sonra prosesin dördüncü mərhələsinə keçmək planlaşdırılır.
Bu, demokratikləşmə və qanuni tənzimləmə mərhələsidir.
Parlament bu nöqtədə rol oynayacağı üçün diqqət siyasi partiyaların bir araya gəlməsinə yönəlib.
Beşinci mərhələ “sosiologiya və psixologiya ilə inteqrasiya mərhələsi” kimi müəyyən edilir.
Mənbələr bu bölmənin "çətin, uzun və potensial təxribatçı bir mərhələ olduğunu və buna görə də diqqətlə izlənilməli olduğunu" söyləyib.
Xalqcəbhəsi.az