ABŞ və Çin arasında ticarət danışıqları gələn həftə baş tutacaq Dünya

ABŞ və Çin arasında ticarət danışıqları gələn həftə baş tutacaq

ABŞ Prezidenti Donald Trampın müşaviri Piter Navarro bildirib ki, ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar yaxın bir həftə ərzində keçiriləcək. Danışıqlarda əsas diqqət nadir torpaq metallarına yönələcək. Bu barədə RİA Novosti məlumat yayıb.

Xalqcebhesi.az xəbər verir ki, Navarro mətbuata verdiyi açıqlamada deyib:
“Görüşün yeddi gün ərzində baş tutacağını gözləyirik.” O əlavə edib ki, nadir torpaq metallarına dair məsələlər danışıqların əsas mövzusu olacaq və hər iki tərəf hansı nəticəyə nail olunmalı olduğunu aydın şəkildə anlayır.

ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, bu danışıqlar Vaşinqton və Pekin arasında son zamanlar artan gərginlik fonunda ticarət ixtilaflarını həll etmək üçün vacib addım olacaq.

Fevral ayında Tramp Çindən idxal olunan bütün məhsullara tətbiq olunan gömrük rüsumlarının 10% artırıldığını açıqlamışdı. Buna cavab olaraq, Çin ABŞ-dan idxal olunan kənd təsərrüfatı texnikası, bəzi avtomobillər, neft, kömür və mayeləşdirilmiş təbii qaz da daxil olmaqla bir sıra mallara 10%-dən 15%-ə qədər dəyişən gömrük rüsumları tətbiq etmişdi. Mart ayında isə Vaşinqton əlavə olaraq 10% rüsum artımı elan etmiş, bu isə Çini yenidən ABŞ kənd təsərrüfatı məhsullarına 10%-15% rüsum tətbiq etməyə vadar etmişdi.

Mayın 10-da ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qrir Cenevrədə Çin tərəfinin yüksək səviyyəli rəsmiləri ilə görüşərək tariflərlə bağlı məsələlərin həlli yollarını müzakirə ediblər.

Məryəm Quliyeva