

Fox News: İsrail iranlı Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq bir yerə toplayıb, sonra zərbə endirib.
İsrail, iranlı Hərbi Hava Qüvvələri komandirlərini aldadaraq onları eyni məkanda toplamağa nail olub və bundan sonra onlara aviazərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fox News İsrail təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla xəbər verib.
Mənbənin sözlərinə görə, hücumun hazırlanması üçün “xüsusi tədbirlər” həyata keçirilib. İsrailli mütəxəssislər iranlı hərbi rəhbərlərlə bağlı məlumat toplayaraq, onları yeraltı komanda mərkəzində bir araya gəlməyə vadar ediblər.
Mənbə əlavə edib ki, zərbələr “İsrailin gözlədiyindən də uğurlu olub” və nəticədə azı 20 yüksək rütbəli iranlı komandir məhv edilib.
İyunun 13-nə keçən gecə İsrail, “Aslan kimi millət” adlandırılan hərbi əməliyyat çərçivəsində İrana qarşı hava hücumlarına başlayıb. Hədəf alınan ərazilər arasında Tehran, Natanz, Kermanşah və Xorramabad da olub. Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, bazalarına və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) üzvlərinin yaşadığı komplekslərə yönəlib.
Zərbələr nəticəsində bir neçə yüksək rütbəli hərbçi və nüvə fizikinin öldürüldüyü bildirilir. Lakin bəzi məlumatlar mübahisəlidir – İranın rəsmi dövlət agentlikləri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqerinin sağ olduğunu iddia edir. İsrail isə ilk zərbə dalğasını uğurlu hesab edir. Tehran isə “güclü cavab” vəd edir.
Məryəm Quliyeva