

ABŞ-ın Xəzinə naziri Skott Bessent bildirib ki, ölkənin ticarət tərəfdaşları ilə aparılan gömrük tarifləri üzrə danışıqların əvvəlcə 9 iyul olaraq təyin edilmiş son müddəti, ABŞ-da Əmək Bayramı qeyd olunan 1 sentyabra qədər uzadıla bilər.
Xalqcebhesi.az xəbər verir ki, Fox Business telekanalına danışan Bessent, ABŞ-ın “18 mühüm ticarət tərəfdaşı” ilə razılıq əldə etməsinin vacib olduğunu bildirib.
Adlarını açıqlamadığı bu 18 ticarət tərəfdaşından təxminən 10–12-si ilə razılıq əldə olunma ehtimalını dəyərləndirən Bessent, 9 iyula qədər razılaşmalar əldə olunarsa, danışıqların Əmək Bayramına qədər uğurla başa çatacağını vurğulayıb.
Bessent, Çin və Böyük Britaniya ilə aparılan danışıqların “hazırda arxa planda” qaldığını deyib və yaxın zamanda Çindən nadir torpaq maqnitlərinin yenidən ABŞ-a “axın etməsini” gözlədiyini bildirib.
O, ABŞ-la “yaxşı razılaşmalar” imzalamaq istəyən ölkələrin olduğunu, lakin əgər razılaşmalar əldə olunmasa, Prezident Donald Trampın əvvəllər açıqladığı gömrük tariflərini yenidən tətbiq etməyə hazır olduğunu da qeyd edib.
Məryəm Quliyeva