

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Alimlər bildirirlər ki, buzlaqların və buz təbəqələrinin əriməsi ilə yeraltı maqma kameraları üzərindəki təzyiq azalır və bu vəziyyət vulkanik püskürmələrin sayını və gücünü artıra bilər. Ən böyük risklərdən biri isə 100-dən çox vulkanın yerləşdiyi Qərbi Antarktidada müşahidə olunur.
Qlobal istiləşmənin təsiri ilə buzlaqların əriməsi, gələcəkdə daha tez-tez və daha güclü vulkanik püskürmələrə səbəb ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, Çilidə aparılan bir araşdırma, buz dövrünün sonuna yaxın dövrlərdə Cənubi Amerikada vulkanizmin artdığını göstərib. Bu da Antarktidada oxşar bir ssenarinin yaşana biləcəyinə işarə edir.
Buzlaqların əriməsi təzyiqi azaldır
Buz təbəqələrinin əriməsi, yerin dərinliklərindəki maqma kameraları üzərindəki təzyiqi azaldır. Bu isə qazların genişlənməsinə və daha güclü püskürmələrə səbəb ola bilər.
Araşdırmaya görə, təxminən 26 min ilə 18 min il əvvəl Patagoniyada yerləşən qalın buz örtüyü Mocho-Choshuenco vulkanının püskürmələrini dayandırmışdı. Lakin buzlaqlar əridikcə yeraltı təzyiq azaldı və maqma sürətlə səthə çıxaraq güclü püskürmələr yaratdı.
Antarktida üçün xəbərdarlıq
ABŞ-dakı Wisconsin-Madison Universitetindən tədqiqatçı Pablo Moreno-Yaeger bildirir:
“Buzlaqlar geri çəkildikcə, vulkanlar daha tez və daha güclü püskürür.”
Alimlərin sözlərinə görə, Qərbi Antarktidada ən azı 100 vulkan mövcuddur və bölgədəki buz təbəqəsinin bu əsrdə ciddi şəkildə əriməsi gözlənilir. Bu isə bölgəni potensial püskürmələrə qarşı daha həssas və müdafiəsiz vəziyyətə salır.
İqlim dövrü riski
Vulkanik püskürmələr qısa müddətdə atmosferə toz və hissəciklər yayaraq planetin müvəqqəti soyumasına səbəb ola bilər. Ancaq uzunmüddətli püskürmələr zamanı karbon qazı və metan kimi istixana qazları atmosferə yayılaraq qlobal temperaturun daha da artmasına yol aça bilər. Bu isə yeni buzlaqların əriməsinə və növbəti püskürmələrin tətiklənməsinə səbəb ola bilər.
Alimlər bu dövrənin iqlim böhranını daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edirlər.
Daha çox tədqiqata ehtiyac var
Mütəxəssislər hesab edir ki, iqlim dəyişikliyinin vulkanik fəaliyyətlərə təsiri hələ də yetərincə araşdırılmayıb. Potensial fəlakətlərin qarşısının alınması üçün bu sahədə daha çox elmi tədqiqatın aparılmasına ehtiyac var.
Məryəm Quliyeva