

İngiltərədə ard-arda yaşanan isti hava dalğaları və 30 dərəcəni keçən istilər səbəbi ilə ölkə üzrə şlanqla su istifadə etmək qadağan olunmağa başlanıb.
Xalqcebhesi.az xəbər verir ki, ilin dördüncü isti hava dalğası bu həftə ölkəni təsiri altına alarkən, cümə axşamı və cümə günü cənub-şərqi İngiltərədə istiliklərin 29 dərəcəyə qədər yüksəlməsi, şənbə günü isə 28 dərəcəyə çatması gözlənilir.
1893-cü ildən bəri ən quraq yazını yaşayan İngiltərədə, milyonlarla insan su çatışmazlığı və quraqlıqla mübarizə aparır. Bu çərçivədə, ölkə üzrə təxminən 7 milyon insana — yəni İngiltərə əhalisinin 10%-dən çoxuna — su istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Yeni məhdudiyyətlər: Cənub, şimal və qərb İngiltərəni təsir edir
Cənub İngiltərədə fəaliyyət göstərən Southern Water şirkəti, Hampshire və Wight adasında yaşayan təxminən 1 milyon müştərisi üçün 22 iyul bazar ertəsi günü saat 09:00-dan etibarən şlanqla su istifadəsi qadağasını tətbiq edəcəyini açıqlayıb.
Şirkət, "İngiltərə əsrin ən isti və ən quraq yazını yaşadı. İyun ayı isə qeydlərdəki ən isti iyun olaraq qeyd edilib" deyərək, qadağanın ətraf mühiti qorumaq və suyun ədalətli istifadəsini təmin etmək üçün vacib olduğunu bildirib.
South East Water şirkəti də cümə günü Kent və Sussex-də yaşayan 1.4 milyon müştərisinə şlanqla su istifadəsi qadağası tətbiq etdiyini açıqlayıb. Şirkət, 30 iyunda gündəlik 680 milyon litr su istehlak edildiyini və bunun yay ayları üçün ortalamanın 100 milyon litr üzərində olduğunu bildirib.
Məryəm Quliyeva