Spiker: Saakaşvili demensiyadan sağalan ilk xəstə oldu, Brüssel isə üzr istəmədi Dünya

Spiker: Saakaşvili demensiyadan sağalan ilk xəstə oldu, Brüssel isə üzr istəmədi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) rəsmi Tbilisiyə münasibətini tənqid edib.

“Report”un yerli bürosu xəbər verir ki, spikeri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Papuaşvili bildirib ki, bir zamanlar Avropa qurumları, xüsusilə də Brüssel sabiq prezident Mixeil Saakaşvilinin guya “demensiya xəstəliyindən əziyyət çəkdiyi” iddialarını əsas gətirərək onun azad olunmasına çalışıblar:

“Kimsə Brüsselin Gürcüstana qarşı iddialarında bir qədər ədalət axtarırsa, unutmamalıyıq ki, Saakaşvilinin demensiyasını "kəşf edən" və Strasburq məhkəməsi məsələyə son qoyana qədər onu demarşlarla müdafiə edən Brüssel idi. Təxminən iki il ərzində Gürcüstanın məhkəmələrinə, Ədliyyə Nazirliyinə, parlamentə və ümumiyyətlə dövlətinə qarşı Brüsseldən hücumlar oldu. Həmin dövrdə Brüsseldən maliyyələşən bəzi QHT-lər saxta tibbi hesabatlar yayaraq “hökumət Saakaşvilini Rusiyanın sifarişi ilə öldürmək istəyir” kampaniyası aparıblar. Avropa İnsan Haqları Məhkəməsinin (Strasburq) Saakaşvili ilə bağlı qərarından sonra heç bir Avropa rəsmisi Gürcüstana qarşı səsləndirilən bu ittihamlarla bağlı üzr istəməyib. Saakaşvili dünyada demensiyadan sağalan ilk xəstə oldu, bəs Brüsseldən və ya onun səfirindən üzrxahlıq eşitdinizmi? Yox! Atılan böhtanlara görə peşmanlıq ifadə edən oldumu? Yenə də yox!”

Papuaşvili fikrinin sonunda əlavə edib: “Nəticə olaraq, Brüsselin o vaxtkı yalanları bu gün yayılan yalanların əsasını qoydu”.