

“İran ətrafında vəziyyət gərgindir, narahatedicidir. İsrail yenidən hücum edə bilər. Bunun simptomları da var. İsrail İrana qarşı dayansa da, digər ölkələrə qarşı fəaliyyətdə heç fasilə verməyib, hücumları davam edir”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O bildirib ki, bu mənada İsrail ilə İran arasındakı gərginlikdən hər an müharibə yarana bilər: “Bu, çox təhlükəlidir, ciddi bir problem yarana bilər. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi İranın nüvə silahı proqramı yoxdur deyə bildirirsə, deməli, İsrail və digər ölkələr, təşkilatlar buna etibar və etimad etməlidirlər. Demək ki, yoxdur. Yəni o şəkildə çıxış etmək ki, İran nüvə silahı əldə edə bilər, ona görə ora müdaxilə olunmalıdır, bu, yanlış fikirlər və yanlış qərarlardır və çox ciddi problemlərə gətirib çıxara bilər. Düşünürəm ki, hər iki tərəf arasında davamlı və uzunmüddətli sülhün əldə olunması üçün Beynəlxalq Atom Enerjisi Agentliyi və nüfuzlu ölkələr çalışmalar həyata keçirib iki dövlətin aralarında gərginlik yaradan məsələlərini həll etməsinə nail olmalıdırlar”.
Röya İsrafilova