“Trump bir gün sanksiya tətbiq edir, bir gün isə güzəşt axtarır” Dünya

“Trump bir gün sanksiya tətbiq edir, bir gün isə güzəşt axtarır”

“Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya siyasəti ziddiyyətlidir. Qısa bir müddət ərzində tam əks mövqelərin səsləndirilməsinin şahidi oluruq. Bir gün Rusiya bu müharibədə günahsız tərəf kimi təqdim olunur, ertəsi gün isə qaydalara əməl etməyən, sanksiyalarla hədələnən ölkə kimi göstərilir”.

Bu fikirləri politoloq Taleh Əliyev “xalqcebhesi.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın son dövrlər Rostneft və onun 28 törəmə müəssisəsinə, eləcə də “Lukoil” və altı törəmə şirkətinə qarşı sanksiyalar elan etməsi, lakin bu qərarların dərhal icraya yönəlməməsi, Vaşinqtonun Rusiya siyasətindəki qeyri-ardıcıllığın bariz nümunəsidir: “Hazırda ABŞ-ın Moskva ilə münasibətlərində davamlılıq hiss olunmur. Bunun nədən qaynaqlandığı barədə dəqiq fikir hələ formalaşmayıb. Ola bilsin ki, bu, Rusiyanın çox sıxışdırılmaması ilə bağlıdır. Çünki Ukrayna cəbhəsində baş verən proseslər və Rusiyanın nüvə silahından istifadə ilə bağlı bəyanatları ABŞ-ı müəyyən qədər ehtiyatlı davranmağa vadar edir”.

Politoloqun sözlərinə görə, Tramp avropalı müttəfiqlərini NATO xərcləri istiqamətində daha fəal olmağa çağırsa da, hələ istədiyi nəticəni əldə edə bilmir: “Rusiyanın hələ də ayaqda qalması, müəyyən mənada, ABŞ-ın maraqlarına cavab verir. Ehtimal etmək olar ki, Tramp hələ də Vladimir Putinin ram ediləcəyinə ümid bəsləyir və buna görə də körpüləri tam yandırmaq istəmir. Onun təxirə salınmış Budapeşt görüşlərinin gələcəkdə reallaşa biləcəyi barədə fikirləri də bu niyyətin göstəricisidir. ABŞ-ın Rusiya siyasətindəki qeyri-ardıcıllıq təkcə Polşa kimi müttəfiq dövlətləri deyil, bütövlükdə beynəlxalq ictimaiyyəti də təəccübləndirir. Dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatlarının niyə Rusiyaya qarşı bu qədər qeyri-müəyyən mövqe nümayiş etdirməsi hələ də açıq sual olaraq qalır”.

Günel Elxan